Qarabağ danışıqları bitdi
Qarabağ danışıqları bitdi

Rusiya isə Ermənistanı silahlandırır

Azərbaycan - Ermənistan arasındakı münasibətlər, daha doğrusu Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqlar artıq heç bir effekt vermir və son günlər silsilə şəkilində verilən açıqlamalar göstərir ki, durum daha da ağırlaşır. Hətta türkiyənin keçmiş baş naziri Məsud Yılmazda açıq şəkildə bəyan etdi ki, hazırda Avropanın Qafqaza təsir imkanları yoxdur. Bu isə o deməkdir ki, ATƏT-in illərlə münaqişə ilə bağlı apardığı danışıqlar səmərəsizdir və yeni çıxış yolları tapılmalıdır.

İlk rəsmi etiraf

Gözlənilmədən XİN-in müavini Araz Əzimovun verdiyi açıqlamada bu öz təsdiqini tapdı.
Nazir müavini açıq şəkildə bildirdi ki, mən mətbuatda tez-tez Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “danışıqlar” ifadəsi ilə rastlaşıram. Amma danışıqlardan çoxdan söhbət getmir. Onun sözlərinə görə, hərdən ayrı-ayrı vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən müvafiq səviyyədə görüşlər keçirilir: “Amma konkret zaman çərçivəsində, gündəlik əsaslarda, eyni çərçivədə konkret məsələləri həll etmək üçün aparılan müzakirə prosesi hal-hazırda mümkün deyil. Ona görə də həmsədrlərin səfərləri təsirli ola bilməz. Onlar Azərbaycana gəlib burda mövqeyi öyrənirlər, Ermənistana da gedirlər, sonra isə beynəlxalq təşkilatlar çərçivəsində - BMT-də, ATƏT-də görüş keçirib müzakirənin davam etdiyini deyirlər”. Araz Əzimovun bu tipli açıqlaması sübut edir ki, artıq diplomatik meydanda tam tükənmədir və belə etirafla artıq Azərbaycan cəmiyyəti nəyəsə hazırlaşdırılır. Bunu da qeyd edək ki, qarşıdan prezident seçkilərinin gəldiyinə görə hətta hazırkı vaxt aparıcı danışıqlarda olmayacaq. Bundan əlavə son 5 ay ərzində Azərbaycan və Ermənistan arasında münasibətlərin həddindən ziyadə gərginləşməsi,atəşkəsin sistemli şəkildə pozulması hadisələrin tamam başqa məcraya inkişaf etdiyini sübutlayır. Bu yol isə yeganə çıxış yolu kimi dəyərləndirilən hərb yoludur.

Hər iki tərəfin istəyi

Çox maraqlı başqa bir situasiya isə budur ki, ötən illərdə tərəflərdən bu və ya digəri müxtəlif vaxtlarda hərbi çağırışlar edirdilərsə indi hər iki tərəf müharibənin qaçılmaz olduğunu bildirir və bu istiqamətdə hazırlıq işləri aparır. Məsələn,Ermənistan tərəfinin sistemli şəkildə atəşkəsi pozmasını ekspertlər qarşı tərəfin hzırlığını yoxlamaq və lokal hərbi əməliyyatlar keçirtmək istəyi ilə əlaqələndirirlər. Maraqlıdır,bəs Ermənistanın hərbi imkanları onlara belə bir addım atmağa imkan tanıyırmı? Qeyd edək ki, bu gün Azərbaycanla Ermənistanın hərbi potensialını müqayisə etmək gülüncdür. Ən azından ona görə ki, Azərbaycanın hərbi büdcəsi,Ermənistanın dövlət büdcəsindən çoxdur. Amma deyəsən indi vəziyyət dəyişir. Belə ki, Rusiya açıq şəkildə Ermənistanı silahlandırılması prosesinə start verib.

Şok yaradacaq müqavilə

Artıq Rusiya ordusunun Ermənistandakı hərbi birləşmələrinin bəzi dislokasiya bazalarını rəsmi Yerevana təhvil verilməsi həll olunub. Bununla bağlı hökumətlərarası protokolun layihəsini Moskva təsdiqləyib. Layihənin 1996-cı ildə imzalanan Rusiya və Ermənistan arasındakı sazişə əsasən hazırlandığı bildirilir.
Protokol imzalanandan sonra struktur dəyişikliyi və yerdəyişmə adı altında Rusiya ordusunun oradakı 30 obyektindən 10-u Ermənistana veriləcək.
Protokolun imzalanması üçün səlahiyyətlər Rusiya Müdafiə nazirliyinə verilib, ancaq nə vaxt imzalancağı bildirilmir.
Bu haqda razılaşma Yerevan yaxınlığındakı Baqramyan paleqonunda ötən həftə keçirilən MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birgə hərbi təlimləri zamanı əldə edilib.
«PanAermenian» saytının yazdığına əsasən, Ermənistan müdafiə naziri Seyran Ohanyan Rusiya Müdafiə naziri Anatoli Serdyukovla görüşdən sonra bildirmişdi ki, onlar Rusiyanın Gümrü şəhərindəki 102-ci hərbi bazası ilə bağlı hüquqi məsələləri və Rusiya ordusunun 10 hərbi hissəsinin təhvil verilməsini müzakirə ediblər.
Anatoli Serdyukov isə həmin brifinqdə Rusiya- Ermənistan əməkdaşlığının ən yüksək səviyyədə olduğunu bildirib, regiondakı çağırışlara daha yaxşı cavab vermək üçün buradakı rus ordusunun yerdəyişmələrə başladığı bildirilib.
Rusiya müdafiə naziri 10 obyektin erməni tərəfinə veriləcəyini, hazırda təhvil-təslimlə bağlı texniki və avadanlıq məsələlərinin həlli üzərində işlədiklərini deyib.
Ermənistandakı 102-ci Rusiya hərbi bazası Gümrü şəhərində yerləşir. 2008-ci ildəki Rusiya-Gürcüstan savaşına qədər burada 3500 rus kontingenti xidmət edirdi.Həmin ildən sonra Ermənistandakı rus əsgərlərinin sayı 5 minə qalxıb.
2009-cu ildən Rusiya ordusu Ermənistandakı hərbi qüvvələrinin struktur islahatına başlayıb və piyada qoşunlarını 2 motoatıcı briqada şəklində ayırıblar.
2011-ci ilin iyun ayında isə Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, Gümrüdəki hərbi bazadakı muzdlu əsgərlərin sayını 2 dəfə artıracaq.
Müxtəlif mənbələrə görə, Rusiyanın Ermənistandakı silahlı qüvvələri 74 tank, 17 «BMP2, 148 «BTR», 84 artilleriya qurğusu, 18 «MİG-29» təyyarəsi və «S-300» raket batareyalarından ibarətdir.
Ancaq Gürcüstandakı Rusiya hərbi bazalarından da bura 35 tank və 370 zirehli döyüş maşını göndərilib.

Açıq şantaj

Politoloq Qabil Hüseyinlinin “Unikal”a verdiyi açıqlamada bildirir ki,Rusiya bu addımı ilə açıq şəkildə Azərbaycanı şantaj edir və bununla Dağlıq Qarabağ probleminin həllini mümkünsüzləşdirir:-“Rusiya son bir neçə ildə Ermənistana bəlkədə bir neçə milyardlıq silah verib. Son addımla bu prosesi daha da qloballaşdırdı. Bununla da Rusiya bir tərəfdən Ermənistana təsir imkanlarını daha da gücləndirib, bu biri tərəfdən isə Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həllini mümkünsüz hala gətirib”. Politoloq hesab edir ki, Azərbaycan bunu nəzrə alaraq silahlanmanın miqyasını genişləndirməli,digər tərəfdən isə beynəlxalq təşkilatların marağını Ermənistana yönəltməlidir. Politoloq Üzeyir Cəfərli isə “Unikal”a verdiyi açıqlamada Ermənistanın silahlanmasının Azərbaycana edə biləcəyi təsirləri şərh edib:-“ : Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıqla hər zaman bizim üçün təhlükə mənbəyi olub və bu narahatlıq bu gün də davam edir. İndi yeni razılaşmalar isə o anlama gəlir ki, Azərbaycan üçün daha da mürəkkəb çətinliklərin olması mümkündür. Onsuz da hamı bilir ki, iqtisadi cəhətdən zəif olan Ermənistan heç bir halda Azərbaycanla istənilən rəqabətə davam gətirmək iqtidarında deyil. Onun adı müstəqil dövlət olsa da, hamı Ermənistanı Rusiyanın bir əyaləti kimi qəbul edir. İstər ermənilərin özü, istərsə də Rusiyanın özündə.Ona görə də, nə qədər ki, rusların barmağı bu konfliktdə var, onun həll olunması müşkül məsələdir.Digər tərəfdən Rusiyanın bəzi bazaları Ermənistana verməsi nə deməkdir? Söhbət bəzi bazlardan deyil, Gümridəki 102-ci bazada olan bəzi obyektlərin Ermənistan MN-in balansına verilməsindən gedir. Yəni, ruslar üçün o qədər də önəm daşımayan ərazilər ermənilərin sərəncamına keçir ki, bu da onlara o yerlərdə öz hərbi infrastrukturunu genişləndirmək, sosial yönümlü, hərbi təyinatlı işlərin həyata keçirilməsində müəyyən dəstək olacaq.Onsuz da Rusiya hər zaman həm açıq şəkildə, həm də gizli yollarla Ermənistanı silahlandırıb və bu proses illərlədir ki davam edir. Özlərinin Cənubi Qafqazdakı forpostlarına hər mənada dəstək olmaqla onlar özlərinin regionda uzun müddətli qalmalarına əmin olmaq istəyirlər”.
Kənar təsirlər

Artıq analitiklər hesab edir ki, məsələnin bu həddə gəlməsi təhlükəlidir və mütləq istər ABŞ,istərsə də Avropa məsələyə başqa konteksdə müdaxilə etməlidir. Xatırladaq ki, ABŞ son 3 ay ərzində kifayət qədər aktivləşdi və atəşkəsin pozulmaması üçün lazımi addımlar atdı. Digər tərəfdən Rusiyanın siyasi proseslərdə aktivləşməsinə maneələr yaradıldı. Amma Rusiya yenə də ayı prinsiplərinə sadiq qalaraq hərbi sferada manevrlər etməyə başladı və buna naildə oldu. Bir tərəfdən Ermənistanın silahlanmasına başladı,digər tərəfdən isə hərbi hissələrini Gürcüstanla, Azərbaycan sərhədlərinə yerləşdirdi. Bununla da açıq şəkildə bəyan etdi ki, istənilən an münaqişənin aktivləşməsinə nail ola bilər və ilk addımda ordu birləşmələrini bölgəyə yerləşdirirəcək. Hələlik isə Rusiyanın bu addımına qarşı alternative addım atılmayıb. Amma ekspertlər hesab edir ki, beynəlxalq təşkilatlar, o cümlədən Türkiyənin də üzv olduğu NATO Rusiyanı danışıqlar masasına cəlb etməlidir. Bundan başqa ekspertlər həm də iddia edir ki, Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması İranda proseslər sona çatmamış baş verə bilməz. Çünki İranda hadisələrin hazırkı məqamında , regionda əlavə münaqişələrin başlanması lokal üçüncü dünya savaşının başlanması kimi dəyərləndirilə bilinər.

Son

Ekspertlər hesab edir ki, Azərbaycan hazırda tutduğu düzgün siyasi yolla hadisələrə nəzarət edə bilir. Amma hazırkı status kvodan çıxmaq üçün isə BMT-də ki, imkanlarından yararlanmalıdır. Ekspertlər bildirir ki, ATƏT Minsk qrupunun tam iflasa uğradığını əsas gətirərək Azərbaycan Dağlıq Qarabağ problemini yenidən BMT-in müzakirəsinə çıxartmalı və qəbul olunmuş qətnamələrin icrasını tələb etməlidir. Xatırladaq ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və belə bir addım atması daha realdır. Düzdür dəfələrlə Azərbaycan belə təşəbbüsdə çıxış etmişdi. Amma ATƏT-in Minsk qrupuna üzv olan ölkələr iddia etmişdilər ki, bu proses danışıqların gedişatını poza bilər. İndi isə hamıya gün kimi aydındır ki, danışıqlar faktiki olaraq dondurulub. Deməli ya yeni format tapılmalı,ya da hərbi maşın işə salınmalıdır.
Eldəniz Elgün