Abşeron Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bir illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

Unikal.org xəbər verir ki, “Güclü lider-güclü Azərbaycan” adlı tədbirdə Abşeron RİH başçısı İradə Gülməmmədova, millət vəkilləri Aqiyə Naxçıvanlı, Musa Quliyev, Mirzəcan Xəlilov, Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının sədri Bilman Vəliye, Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
Tədbirdə çıxış edən Abşeron RİH-nin başçısı İ.Gülməmmədova Prezident İlham Əliyevin təşəbbüsü ilə bölgələrdə aparılan abadlıq-quruculuq, yenidənqurma işləri fonunda Abşeron rayonunda görülən işlərdən və qarşıda duran vəzifələr haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, son 15 il ərzində Azərbaycanda bütün sahələrdə ancaq müsbət inkişaf dinamikası müşahidə olunur. İqtisadiyyatın elə bir sektoru yoxdur ki, orada ən azı 2 dəfədən çox artım olmasın. “Azərbaycan prezidentinin və dövlətinin əsas məqsədi əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq və son illərdə qazanılmış sosial-iqtisadi uğurların davamlı olmasını təmin etməkdir”.
YAP Abşeron rayon təşkilatının sədri B.Vəliyev  bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq islahatlar həyata keçirilir. Vətəndaşların maraqlarına xidmət edən məsələlərin öz həllini tapdığını diqqətə çatdıran təşkilat sədri qeyd edib ki, dövlətimizin çiçəklənməsini və inkişafını gözü götürməyən qüvvələrə qarşı hər zaman xalqımız layiqli cavab verib. Bildirilib ki, xalqımız dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşib və heç bir antimilli qüvvə bu birliyə mane ola bilməz.
Tədbirdə çıxış edən digər qonaqlar da İlham Əliyevin Prezidentlik dövrünün ilk 1 ili ərzində Azərbaycanın öz dinamik inkişafını təmin etdiyini və ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını bildiriblər. Dövlətimizin hərtərəfli inkişafı və xalqın sosial rifahının daha da gücləndirilməsi istiqamətində görülən işləri məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsi hesab edən çıxışçılar son bir il ərzində ölkəmizdə  ciddi instutitusional islahatların aparıldığını, bu islahatların ölkəmizə və vətəndaşlarımıza olan töhfəsini qeyd ediblər.