Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.
Unikal.org xəbər vrir ki, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində görülən tədbirlər barədə məlumat verən Səfər Mehdiyev, Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatların Azərbaycan gömrüyünün beynəlxalq aləmdə etibarının artmasına, müasir texnologiyaların və innovativ layihələrin tətbiq edildiyi qabaqcıl və mütərəqqi quruma çevrilməsinə şərait yaratdığını vurğulayıb.
Səfər Mehdiyev BMT ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında mövcud əlaqələrdən söhbət açıb və səmərəli əməkdaşlığın gömrük xidmətinin inkişafına müsbət təsirindən danışıb.
Səfər Mehdiyev həmçinin Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin sərhədlərin təhlükəsizliyinin gücləndirilməsinə, əmtəə və xidmət keçidlərinin asanlaşdırılmasına mühüm töhfə verdiyini bildirib.
Birgə gerçəkləşdirilən layihələri bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömruk Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən Səfər Mehdiyev, bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu deyib.
Xoş sözlərə və səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təşəkkürünü bildirən Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai təmsil etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən söhbət açıb, gömrük sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirib, Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.