Milli Məclisin deputatı, Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun Ağdaş rayonunda seçiciləri ilə keçirdiyi görüşləri davam edir.
Unikal.org xəbər verir ki, növbəti görüş rayonun Orta Ləki kəndində baş tutub.
Görüşdə millət vəkili geniş və əhatəli çıxış edərək son 15 il ərzində ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan - həyata keçirilən beynəlxalq əhəmiyyətli və eləcə də respublika miqyaslı layihələrdən söz açdı. Bütün görülən işlərin ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində ərsəyə gəldiyini qeyd edən Cavid Osmanov cənab Prezidentimizin 2019-cu ilin ötən dövründə imzaladığı Fərman və Sərəncamlara da diqqət çəkdi. İnsanların sosial rifahının yüksəldilməsi üçün atılan bu addımların ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını vurğuladı. Cavid Osmanov bildirdi ki, Prezidentimiz cənab İlham Əliyevin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. Respublikamızda əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Ölkəmizin sosial-iqtisadi cəhətdən inkişafı davamlı xarakter daşıyır. İslahatların ardıcıl olaraq həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir. Bu gün respublikamızın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlar, aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə də etiraf olunur. Cavid Osmanov bildirdi ki, son vaxtlarda Davos İqtisadi Forumunun, Avropa Yenidənqurma və İnkişaf Bankının və digər nüfuzlu beynəlxalq qurumların hesabatlarında respublikamızın müsbət reallıqları, ölkəmizdə uğurla reallaşdırılan yeni nəsil iqtisadi islahatlar və inkişaf perspektivləri ilə bağlı müsbət dəyərləndirmələr öz əksini tapıb. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Millət vəkili bildirdi ki, Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf strategiyasına uyğun olaraq bundan sonra aparılacaq islahatlar respublikamızın beynəlxalq reytinq agentliklərinin hesabatlarında daha yüksək pillədə yer almasını təmin edəcəkdir.
Millət vəkili Cavid Osmanov görüş iştirakçıları ilə apardığı fikir mübadiləsi zamanı onu da bildirdi ki, Azərbaycanın müstəqil dövlət olaraq mövcudluğu və davamlı inkişaf mərhələsi keçməsi anti-Azərbaycan dairələrin narahatlığına səbəb olur. Sosial şəbəkələrdən iyrənc vasitə kimi istifadə edən həm ölkə daxilində olan radikal müxalifət nümayəndələri, həm də xaricdə yaşayan Vidadi, Orduxan, Tural kimiləri hansısa beynəlxalq qurumların, xüsusən də erməni lobbisinin dəstəyi altında heç bir mənəvi dəyərə sığmayan kampaniya aparırlar. Bunların fəaliyyəti dövlətimizə, dövlətçiliyimizə, Prezidentimizə qarşı təhqir, şər-böhtan atmaqdan ibarətdir. Daxildəki radikal müxalifət nümayəndələri də bütün səylərini cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə kölgə salmağa çalışırlar. Özü də bunu iyrənc vasitələrlə gerçəkləşdirirlər. 90-cı ilin əvvəllərində ölkəni uçurumun eşiyinə gətirənlər indi də bu vasitələrlə ölkə rəhbərliyinə qara yaxmaqla öz havadarlarına xidmət edirlər. Millət vəkili qeyd etdi ki, ölkəmizə qarşı müxtəlif formalarda, xüsusilə də sosial şəbəkələrdə belə qarayaxma kampaniyaları aparmağa cəhd edən şəxslərə zamanında lazimi cavablar verilməlidir.
Görüşdə çıxış edən kənd sakinləri İlham Rəsulov, Məhəmməd Calalzadə, Ələm Abdullayev, Valıdə Hacıyeva, Qulu Nəbiyev və Mübariz Kərimov bildirdilər ki, cənab Prezidentimiz İlham Əliyevin gördüyü bütün işlər xalqımızın firavan yaşaması və ölkəmizin daha da çiçəklənməsi naminə həyata keçirilir. Çıxış edən görüş iştirakçıları sabitlik, əmin-amalıq şəriatində yaşadıqları üçün cənab İlham Əliyevə minnətdar olduqlarını, ağdaşlıların hər zaman Prezidentimizə dəstək olduqlarını və bundan sonra da dəstək olacaqlarını, onun ətrafında sıx şəkildə birləşəcəklərini bəyan etdilər.
Sonda seçiciləri maraqlandıran suallara millət vəkili Cavid Osmanov tərəfindən cavab verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edildi.
Keçirilən tədbirdən sonra millət vəkili Cavid Osmanov Orta Ləki Yaradıcılıq evi və Orta Ləki Kitabxanasına gələrək burada çalışan işçilərlə səmimi söhbət etdi.