Tanınmış jurnalist Fuad Abbasov mayın 16-da Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun mayın 28-də Azərbaycana deportasiya olunması gözlənilir. Məlum olduğu kimi, F.Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir.
Unikal.org xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
O, F.Abbasovun Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etdiyini bildirib:
“Fuad Abbasov tanınmış jurnalistdir. Özünün mövqeyində hər zaman ardıcıllığı ilə fərqlənir. Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edir. Xüsusən də jurnalist kimi Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir. Belə bir adamın bu cür vəziyyətlə üzləşməsi bizi ciddi şəkildə narahat etməkdədir”.
MŞ sədri jurnalistin vəkili Elman Paşayevlə əlaqə saxladığını qeyd edib:
“Onun bildirdiyinə görə, jurnalistə qarşı fiziki təzyiq də göstərilib. Görünür ki, jurnalistlə bağlı müəyyən maraqlı qüvvələr var. Bu hal da narahatlıq və təəssüf doğurur. Ümumən durumu Rusiyanın jurnalist təşkilatları ilə də daim müzakirə edirik. Baxmayaraq ki, F.Abbasovun deportasiyası barədə qərar verilib, inanırıq ki, yekunda məsələ ədalətli həllini tapacaq”, - Ə.Amaşov əlavə edib.