"Bakının Sabunçu qəsəbəsində nəqliyyat habı yaratmağı planlaşdırırıq".
Unikal.org xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib.
“Bakı Nəqliyyat Agentliyi ilə də apardığımız danışıqların mahiyyəti ondan ibarətdir ki, bu hab hesabına şəhərin mərkəzinə daha az avtobus daxil olsun. Sabunçu bir növ ikinci şəhər mərkəzi olsun. İstəyirik ki, insanlara orada bütün şərait yaradılsın ki, hər şeydən ötrü şəhərin mərkəzinə axın olmasın. Onu da bildirim ki, insanların mentaliteti artıq dəyişir. Məsələn, Sumqayıt stansiyasına getsəniz görərsiniz ki, cavanların əksəriyyəti velosipedlə stansiyaya gəlir, velosipedlərini orada qoyaraq Sumqayıt-Bakı qatarına minib işə və yaxud dərsə gedirlər. Çünki orada təhlükəsizlik kamerası quraşdırmışıq, polis ərazini qoruyur. Axşam yenidən qatarla Sumqayıt stansiyasında düşərək velosipedlərinə minib geri qayıdırlar”, - C.Qurbanov vurğulayıb.
ADY rəhbəri onu da əlavə edib ki, Sabunçu stansiyasındakı infrastrukturdan bu şəhərə qədər olan bütün yol boyu yaradılacaq: “Bu infrastrukturlarda obyektlər icarəyə veriləcək. İcarədən əldə olunan gəlirlə isə stansiya öz ehtiyacını - işıqlanma, təmizlik və s. qarşılaşayacaq. Ümumiyyətlə, dəmir yolunda korporativ idarəetməyə keçirilməsi ilə bağlı konsepsiyaya keçəcəyik. ADY bir şirkət kimi fəaliyyət göstərəcək, sərnişindaşıma isə müqavilə əsasında çalışaraq ayrı struktur kimi öz qazancını təmin edəcək”.