Mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu zamanı nəzərdə tutulan nəqliyyat əməliyyatlarına cəlb edilən daşıyıcı şirkətlərin məsul şəxsləri, dispetçerlər və xətt dəstə rəisləri ilə görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxt Bakının nüfuzlu beynəlxalq idman turnirlərinin uğurla keçirildiyi məkana çevrildiyini diqqətə çatdırdı. Bildirdi ki, son illər ölkəmizdə müşahidə edilən hərtərəfli inkişaf, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlər beynəlxalq və qitə miqyaslı idman qurumlarının Azərbaycana marağının artmasına səbəb olub. 
İdarə Heyətinin sədri final oyunu ilə bağlı planlaşdırılan tədbirlərin icrası istiqamətində zəruri addımların atıldığını dedi. Vurğuladı ki, nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi məhz prosesə cəlb edilən dispetçerlər, xətt dəstə rəisləri və sürücülərin müəyyən edilən vəzifə və funksiyalarını tam məsuliyyətli, yüksək peşəkarlıqla həyata keçirməsindən asılıdır. İdarə Heyətinin sədri bildirdi ki, peşəkar bacarıqlarla yanaşı, qarşıya qoyulan tapşırıqların uğurla icrası baxımından vacib olan digər bir önəmli məqam vətənpərvərlik duyğularıdır.

Tövsiyə olundu ki, nəqliyyat xidmətlərinə cəlb edilən hər bir əməkdaş, eyni zamanda, xalqımıza xas qonaqpərvərliyi nümayiş etdirməli, ölkəmizin müsbət imicinin daha da möhkəmlənməsi üçün səylərini səfərbər etməlidir.