Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə “Siyasi Psixologiya Mərkəzi” İctimai Birliyi (SPM) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Unikal.org xəbər verir ki, müqavilənin əsas məqsədi Azərbaycanla Çin arasında ictimai-siyasi tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi və ictimai təşkilatların ikitərəfli əlaqələrinin inkişafı, təhsil əlaqələrinin intensivləşdirilməsi, birgə proqramlar vasitəsilə Çin təhsilinə dəstək olmaq, o cümlədən mütəxəssislərin mübadiləsi, ictimai və siyasi elmlər sahəsində elmi-praktiki tədqiqatların aparılması və elmi-praktiki konfransların təşkili ilə bağlı araşdırmalar aparmaqdır.

Tədbirdə çıxış edən “Siyası Psixologiya Mərkəzi” İctimai birliyinin rəhbəri, professor Səməd Seyidov rəhbərlik etdiyi qurumun elmi istiqamətləri barədə məlumat verərək, burada çin fəlsəfəsi, dili, iqtisadiyyatı, mədəniyyətinin ən yüksək səviyyədə təmsil olunmasının tərəfdarı olduğunu bildirib. O həmçinin iki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətinə cənab Prezident İlham Əliyevin II “Bir kəmər bir yol” Beynəlxalq əməkdaşlıq zirvə samitində iştirakı və ÇXR-in dövlət şurasının üzvlərinin və Xarici İşlər Nazirinin Azərbaycana səfərini bariz nümunə kimi qeyd edib.

Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri cənab Vey Cinxua Siyasi Psixologiya mərkəzində Çin dili tədris mərkəzinin açılışının Çin-Azərbaycan münasibətlərinin inkişafına və Çin-Azərbaycan Parlamentlərarası mübadilələrə öz əvəzolunmaz tövhələr verəcəyini bildirib. O, həmçinin ADU nəzdində Konfutsi İnstitutu ilə Siyasi Psixologiya Mərkəzinin birgə səyləri nəticəsində böyük sayda Çin dilində danışan diplomatlar, deputatlar və gənc liderlərin yetişdiriləcəyinə inamını vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr  komitəsinin üzvü, professor Asim Mollazadə  Azərbaycan-Çin münasibətlərinin inkişafı istiqamətində Konfutsi İnstitutu ilə Siyasi Psixologiya Mərkəzinin əməkdaşlığının gələcək nəsillərə böyük töhfələr verəcəyini və bu əlaqələrin səmərəli olacağına əminliyini bildirib. Siyasi Psixologiya mərkəzində Çinlə bağlı tədqiqatların aparılmasından məmnunluğunu bildirən millət vəkili Nəsib Məhəməliyev imzalanan müqavilənin tərəflər arasında səmərəli əməkdaşlığa töhfələr verəcəyini, Azərbaycan gənclərinin çox sürətlə inkişaf edən Çin iqtisadiyyatı, mədəniyyəti, fəlsəfəsi və psixologiyasına marağının artıracağını vurğulayıb.

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov elm sahəsində Azərbaycan-Çin münasibətləri haqqında danışaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında elm-texniki sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini vurğulayıb.Sonra ADU Konfutsi İnstitutunun əməkdaşları ənənəvi çaydanlar, fincanlar və digər aksesuarlardan istifadə edərək çay dəmləmə mərasimi keçiriblər, eyni zamanda tədbir iştirakçıları dünyanın məşhur Çin yaşıl çayının ətri və dadından zövq alıblar. Tədbirin qonaqlarına ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun Azərbaycan və Çin dilində hazırladığı ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Çin əməkdaşlığının inkişafına verdiyi töhfəyə həsr olunan nəşr edilmiş “Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)” adlı kitabı hədiyyə olunub.