15 iyun Azərbaycanın Xalq artisti, görkəmli teatr və kino xadimi Amaliya Pənahovanın doğum günüdür.
Səhnə və ekran elə bir fenomendir ki, onların hər ikisi mütəmadi olaraq yenilənmək və dəyişmək məcburiyyətindədir. Ötən əsrin 60-cı illərinə qədər Azərbaycan teatr sənəti sovet formalizmindən gələn pafosla zəngin idi ki, bununla da səhnə tamaşaçıdan sanki get-gedə uzaqlaşırdı. Səhnəni tamaşaçıya, sənəti xalqa qaytarmaq lazım idi. Bu missiyanın arasında dayana birinci fenomen ədəbiyyat və dramaturgiya oldu, lakin əsas məsələ səhnə və ekranı dəyişmək idi. Təkcə rejissorlar deyil, pafosdan uzaq, Stanislavskinin yaşamaq məktəbi ənənələrini qaytarmaq iqtidarında olan ifaçılara da ehtiyac var idi. Əslində elə həmin vaxtlarda yeni, gənc aktyor nəsli yetişirdi. 1964-cü ildə 18 yaşlı Amaliya Pənahova səhnə stereotiplərini qıraraq, dramaturq İlyas Əfəndiyevin “Mənim günahım” pyesindəki Nurcahan personajı ilə səhnəyə çıxdı. Azərbaycan tamaşası gənc azərbaycanlı xanımını səhnədə olduğu kimi gördü. Amaliya Pənahova Azərbaycan səhnəsinə yeni nəfəs gətirdi, qadının daxili psixoloji dünyasını aşkara çıxararaq, onu tamaşaçı üçün daha da aydın etdi. Halbuki, psixoloji məqamların açılması daha çox kino sənətinə uyğun prinsip olsa da, Amaliya xanım istedadı sayəsində bunu birbaşa teatr səhnəsindən etməyə müvəffəq oldu. Həmin illərdə Azərbaycan teatrı özünün renesans dövrünü yaşayırdı və renesansı yaşadan fenomenlər arasında sonradan bu adı təsdiqləyəcək Amaliya Pənahova imzası da var idi. Nərmin (“Unuda bilmirəm”), Nargilə (“Sən həmişə mənimləsən”), Şahnaz (“Mahnı dağlarda qaldı”), Nurcahan (“Mənim günahım”), Təhminə (“Təhminə və Zaur”) və başqa personajların vasitəsilə Amaliya Pənahova təkcə hadisənin aparıcı qüvvəsi kimi çıxış etmir, eyni zamanda öz personajları vasitəsilə tamaşaçılarına, bununla da cəmiyyətə vacib çağırışlar ötürmüş olur. Amaliya Pənahovanın qadın personajları faciə və komediyanın vəhdətində formalaşan yeni dramatik modeldir. Hətta ən çətin, dramatik anlarda belə Amaliya Pənahovanın qadın personajları məğrurdur və hər biri digərindən peşəkarlıq səviyyəsinə görə fərqlənir. Hətta müxtəlif dram əsərlərində oxşar qadın personajların olmasına baxmayaraq, Amaliya Pənahova aktyorluq texnikasından məharətlə istifadə edərək, fərqli xarakterli qadınlarla tamaşaçıları baş-başa buraxır. Bir zamanlar dəbdə və bu gündə aktuallığını itirməyən “Təhminə və Zaur” tamaşası ilə bağlı müsahibəsində Amaliya Pənahova belə qeyd etmişdi: “Tamaşa Fuad Poladovla mən ifa edirdim. Biz o yüksək sevgi səhnələrini çox estetik şəkildə canlandırmışdıq, bununla heç kəsin duyğularını qıcıqlandırmamışdıq. Hər dövrün, hər tamaşaçının öz zövqü, öz dünyagörüşü var”.
Amaliya Pənahova yaradıcılığının böyük bir hissəsi kino sənəti ilə bağlıdır. Amaliya xanımın kinoya gəlişi onun üçün heç də çətin olmadı. Çünki qeyd etdiyimiz kimi aktrisa səhnə ikən belə söz və plastikanın misilsiz vəhdətini yaratmağa nail olmuşdu. “Əhməd haradadır?” filmində Məsmə epizodik rolu ilə diqqətə çəkən Amaliya Pənahova, “Cazibə qüvvəsi”, “Sən niyə susursan?”, “Həyat bizi sınayır”, “Xatirələr sahili”, “Səmt küləyi”, “Mezozoy əhvalatı”, “Qəribə adam”, “Mən mahnı qoşuram”, “Mən mahnı qoşuram”, “Gözlə məni” (“Mahnı dağlarda qaldı”) bədii filmlərində rəngarəng personajlar yaradır. Amaliya xanımın kino yaradıcılığında “Babək” epik filmində yaratdığı Zərnisə obrazı xüsusilə diqqət çəkəndir. Aktrisa Zərnisəni təkcə güclü, məğrur, eyni zamanda bic lider qadın olaraq təqdim etmir, ssenaridən gələn məziyyətlərə uyğun olaraq, qayğıkeş ana kimi göstərməyə çalışır. Ümumiyyətlə Amaliya Pənahova kino personajlarına bir xətli yanaşmayıb, hər dəfə personajların alt qatlarında gizlənən “mən”ləri taparaq üzrə çıxarmağa çalışıb. Amaliya xanım kino üçün xarakterik olan iri planlar aktrisası idi, o istənilən dramatik məqamı gözləri və sifət ifadələri ilə aydın şəkildə çatdıra bilirdi. Onun, tamaşaçıların sevə-sevə baxdıqları “Arxadan vurulan zərbə” detektivində yaratdığı Ziba obrazını da – burada artıq personaj yox, obraz sözünü işlədirik – xüsusi qeyd etmək lazımdır. Zibanın “Ə bu nə maşındır gətirmisən, başqa maşın tapılmadı mənə?” xitabı ilə Amaliya Pənahova çarəsiz vəziyyətdə qalsa da, çıxış yolu tapmağa çalışan qadının narahatlığını ustalıqla ifadə edə bilmişdi. Bu ifadə film ekranlara çıxandan sonra dillər əzbəri olmuşdu. Bu isə biarabaş Amaliya Pənahova peşəkarlığının uğurundan xəbər verirdi. 2007-ci ildə Amaliya Pənahovanın çəkildiyi “Nəfəs” qısametrajlı bədii filmindəki Ağabəyim personajı aktrisanın gənclərə hər zaman dəstək olmasından xəbər verirdi. Filmdə gəldikdə isə, digər kino personajlarından fərqli olaraq, bu filmdə Amaliya xanım oyun texnikasını müəllif kinosunun tələblərinə uyğunlaşdıra bilmişdi.
Amaliya Pənahova Azərbaycanın televiziya teatrının inkişafında həm aktrisa, həm də rejissor kimi misilsiz xidmətlər göstərib. “Topal Teymur”, “Qapalı orbit”, “Ömrün yolları”, “Təkan” (həm də rejissor), “Mənim günahım”(həm də rejissor), “Sənsiz”(həm də rejissor) tele-tamaşalarında aktrisa teatr və kino sənətinin vəhdətini təqdim etmiş olur. A.Pənahovanın “Qapalı orbit” tele-tamaşasında yaratdığı Marqaret personajı əslində var-dövlət içində yaşayan bədbaxt qadındır. Həyat yoldaşı Uolter həyatın mənasını pulda görsə də, Marqaret ona yad olan bu mühitdə özünü tapmağa çalışır. Amaliya Pənahova tele-tamaşanın bir sıra səhnələrində amerikalı qadının faciəsini yalnız sükutla təqdim etmiş olur ki, bu da süjet xəttinin dramatikliyinə təkan vermiş olur. A.Pənahovanın Rejissor kimi quruluş verdiyi Şıxəli Qurbanovun “Sənsiz”i ötən əsrin 80-ci illərinin sonunda başlanan Azərbaycan xalqının milli-azadlıq mücadiləsi ərəfəsində hər birimizin ürəyindən xəbər verirdi. “Sənsiz”, Sevincin (Amaliya Pənahova) və Tərlanın (Füzuli Hüseynov) timsalında dünyada repressiyaya məruz qalmış bütün ailələlərin faciəsini əks etdirirdi. Rejissor burada faciəni bir qadının timsalında Amliya Pənahovanın məharəti onda idi ki, həm rejissor, həm də aktrisa qismində çıxış elədiyi bu tamaşada hər iki missiyanı dəqiq yerinə yetirə bilmişdi. Amaliya xanım ekranda idi, eyni zamanda ekranın arxasında dayanaraq, bütün əhvalatı mükəmməl şəkildə idarə edirdi. “Sənsiz” mövzusuna görə Azərbaycan ekranında yeni idi. Düzdür, növbəti illərdə rejissorlar bu və ya digər şəkildə repressiya mövzusuna müraciət etmişdilər. Amma ilk dəfə bu mühüm addımı atan Amaliya Pəhanova oldu, üstəlik rejissor kimi. Əslində hər aktyor bu cür çətin missiyanı üzərinə götürərək, uğurlu əsər ortaya qoya bilməzdi. Söhbət təkcə peşəkarlıqdan deyil, eyni zamanda cəsarətdən gedirdi.
Amaliya xanım həm də cəsarəti ilə seçilən incəsənət xadimi idi və məhz bu xüsusiyyəti, o cümlədən yüksək vətənpərvərlik keyfiyyətləri, özünü xalqımızın ən ağır vaxtlarında göstərdi. O, hələ 90-cı illərin əvvəllərində ölkəmizin hüdudlarında kənarda Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışmışdı. Sonrakı illərdə Amaliya xanım fəal ictimai işlərlə məşğul olmuş, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri kimi fəaliyyət göstərmişdi.
Amaliya xanımın təşəbbüsü və təşkilatcılığı ilə Bakı Bələdiyyə Teatrı 1992-ci ildə, dağılmış keçmiş Sovet məkanında, çiçəklənən, yenicə müstəqilliyə qədəm qoyan Azərbaycanda yarandı. Amaliya xanım bu teatrın sayəsində sənətdə yeni vətənpərvərlik modelini ortaya qoydu. Əslində Sovet dövlətindən çıxmış bir ölkənin sakinləri üçün sənətdə vətənpərvəlik tamamilə fərqli yanaşma idi. Bakı Bələdiyyə Teatrı təkcə sənət xüsusiyyətlərinə görə deyil, eyni zamanda teatrın təşkilatlanma prinsiplərinə görə də yeni idi. Qərbdə teatrın bələdiyyə Amaliya Pənahova ilk dəfə olaraq Azərbaycan milli teatrına, bütün dünyada mövcud olan bələdiyyə teatrı modelini təqdim edirdi. Bu model sonrakı illərdə Respublikanın digər şəhərlərində yarana və inkişaf edə bilərdi. Amma hələlik bu yük, elə bu gün də Bakı Bələdiyyə Teatrının üzərinə düşür. Amaliya Pənahovanın Bakı Bələdiyyə teatrında quruluş verdiyi “Tomris”, “Mənim Ərdəbilim”, “Vətənə igidlər gərək”, “Dəli Domrul” tamaşaları qısa müdddət ərzində nəinki ölkəmizdə, həmçinin ölkəmizin hüdudlarından kənarda da böyük nailiyyətlərə imza atdı. Amaliya xanım eləcə də bu teatrda Azərbaycan səhnəsinin sönməyən ulduzlarına ikinci həyat bəxş etmiş oldu: Muxtar Avşarov, Sofa Bəsirzadə, Məhluqə Sadıxova, Mirvari Novruzova, Firudin Mehdiyev kimi istedadı sənətkarlarımız ömürlərinin ahıl yaşlarında yenidən Bakı Bələdiyyə teatrının səhnəsində parıldadılar. Amaliya Pənahova bu teatrda öz tələbələri ilə çiyin-çiyinə çalışırdı ki, bu da onun gənc nəslə bəslədiyi yüksək inam hisslərindən, göstərdiyi qayğı və dəstəkdən irəli gəlirdi.
Amaliya Pənahova 1974-cü ildə Azərbaycanın Əməkdar artisti, 1985-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdü, 2015-ci ildə isə, Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdi. 43 illik sənət fəaliyyətində Amaliya xanım mənsub olduğu heç bir titulla öyünmədi, çətin vaxtlarında məğrur dayandı və ömrünün sonuna qədər sənətinə sadiq qaldı. İstər teatrda, istər kinoda, istərsə də televiziyada beş yüzdən artıq personajda yaratdı. Bunların içində onun sayəsində obraz səviyyəsinə yüksələn çoxlu sayda rolların adlarını sadalamaq mümkündür. Amaliya Pənahova öz təkrarolunmaz sənəti ilə Azərbaycan səhnəsi və ekranına yeni fenomen gətirmiş oldu. Bundan sonra da hələ neçə-neçə nəslin qaynaqlana, tamaşaçıların isə qəbul edə biləcəyi Azərbaycan qadının yeni obrazı fenomenini: həm səhnə də, həm də ekranda.
Kamran Qasımov
Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət
Universitetinin dissertantı