İran: rialın real çöküşü
10:31 07-10-2012
İQTİSADİYYAT
İran: rialın real çöküşü
Tehran hakimiyyəti atom-nüvə proqramına görə özünü dalana soxub. Tarixi olaylar sübut edib ki, bu sayaq rejimlər dünyanın iqtisadi basqısından çətin qurtulur. Ən yaxşı halda belələri hakimiyyəti təhvil verirlər.
Hələ atom-nüvə proqramı ilə bağlı təzyiqlər indiki səviyyəyə çatmayan vaxtlarda İranın təbliğat maşını “sovetlərin, Yuqoslaviyanın dağılması”, “Çin iqtisadiyyatının inkişafı” və başqa bu kimi tarixi olayları dəyərləndirdiklərini, düşə biləcəkləri vəziyyətdən çıxış yolu tapdıqları haqda çeşidli yazılar çap edir, bəyanatlar verirdilər.
Ancaq artıq iş o yerə çatıb ki, hakimiyyət ölkə iqtisadiyyatının çökməkdə olması ilə bağlı etiraflar etməyə başlayıb.
Bu günlərdə İslam Respublikasının sənaye, mədən və ticarət naziri Mehdi Qəzənfəri açıqlamasında ölkənin valyuta bazarındakı gərginlikdən danışıb: “Valyuta bazarındakı gərgin vəziyyət Nazirlər Kabinetində müzakirə edilib. Prezident Mahmud Əhmədinejad valyuta bazarında təxribat törədib, vəziyyəti gərginləşdirənlərə qarşı ciddi tədbir görülməsi barədə göstəriş verib. Təhlükəsizlik qüvvələrindən gözlədiyimiz odur ki, valyuta bazarına nəzarəti gücləndirsin, bazarın normal fəaliyyətinə xələl gətirənləri göz altında saxlasın.
Valyuta bazarında indiki durumu yaradanlardan biri xarici valyuta alış-verişi ilə məşğul olan dəllallardır. Nəzərə almaq lazımdır ki, bazardakı dəllallar həmişə valyutanın qiymətini qaldırmağa çalışır. Bu, onlara sərf edir. Çünki belə olanda artıq qazana bilirlər. Onları nəzarətdə saxlayan qüvvə isə yoxdur”.
Məlumatlara əsasən, oktyabrın 1-də İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 30 faiz düşüb. Sentyabrın 30-da paytaxt Tehrandakı valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 2980 tümənə (1 tümən 10 rialdır) mübadilə olunsa da, oktyabrın 1-də dollar 3550 tümənə, oktyabrın 2-də isə təxminən 4000 tümənə mübadilə edilib. Bununla da son bir ildə İran pulunun dəyəri dörd dəfə azalıb. Ümumiyyətlə, bu ilin əvvəlindən rial alıcılıq qabiliyyətini 80 faiz itirib.
Ölkənin maliyyə bazarında yaranmış bu vəziyyət gündəlik tələbat mallarının bahalaşmasına da səbəb olub.
ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland jurnalistlərə açıqlamasında İran milli valyutasının dəyərdən düşməsinə münasibət bildirib: “Apardığı nüvə fəaliyyətinə görə ağır sanksiyalarla üzləşən, neftini satmaq üçün ciddi məhdudiyyətlərlə məruz qalan İran hakimiyyəti gündən-günə zəifləyir. İran milli valyutası rialın kəskin dəyərdən düşməsi bu ölkəyə qoyulan sanksiyaların uğurlu alındığını göstərir. Hazırda İran rialının dəyəri minimuma enib və bu proses davam etdirilir. Bundan başqa beynəlxalq şirkətlər də İran şirkətləri ilə əməkdaşlıqdan imtina edir.
Hesab edirik ki, İrandakı gərgin iqtisadi durum beynəlxalq ictimaiyyətin ölkə iqtisadiyyatına tətbiq etdiyi ardı-arası kəsilməyən təzyiqlərin nəticəsidir. Bu gün İranın təzyiqlər altında olduğu inkaredilməzdir”.
Heç şübhəsiz, İsrail rəsmiləri də İran iqtisadiyyatının indiki duruma düşməsində az iş görməyiblər. Ölkənin baş naziri Benyamin Netanyahu və xarici işlər naziri Aviqdor Liberman Avropa Birliyinin İrana qarşı yeni sanksiya qəbul etməsinə çalışırlar. Həmin yasaq zərfində İranın maliyyə sisteminin təcridi, bu ölkədə istehsal olunan bütün mallara embarqo qoyulması da nəzərdə tutulub. Bununla da Tehran hakimiyyətinin iqtisadiyyatını kollaps vəziyyət salınması istiqamətində çabalar göstərilməkdədir.
Bir neçə il öncə hakimiyyətə yaxın olanlar İran rəhbərliyinə xəbərdarlıq edirdilər ki, Fələstində HƏMAS-a və başqa iranyönlülərə, Livanda “Hizbullah”a və bu sayaq qüvvələrə maliyyə yardımı etmək islam Respublikasının iqtisadiyyatına zərbə vuracaq. Elə Suriyada Bəşər Əsəd hakimiyyətinin dirənişinin arxasında da Tehranın durduğu sirr deyil. Rəsmi Dəməşqin dəstəklənməsi İran rejiminə on milyardlarla dollara başa gəlir.
Yaxın tarixdə buna oxşar paralellər də aparmaq mümkündür. Elə 1979-cu ildə keçmiş SSRİ-nin Əfqanıstandakı münaqişəyə cəlb edilməsinin nəticəsini göstərmək olar. Sovet ordusu Kabilə girəndən 3 il sonra - 1982-ci ildə sovetlərdə “Ərzaq proqramı” qəbul olundu, habelə “iqtisadiyyat qənaətcil olmalıdır” kimi bəyanatlar ortaya çıxdı.
Bir məsələni də qeyd etmək, fikrimizcə, yerinə düşər. İllərdir bütün quruluşlar üçün yarayan bir aksioma var: iqtisadiyyat bazis, siyasət üstqurumdur. Baş verənlərdən göründüyü kimi, Tehran hakimiyyəti üstqurumu ilə ölkənin bazisini dağıdıb. Bunun davamının olacağı ehtimalı çoxdur. Çünki dünyanın belə vəziyyətində kollapsa düşəni diriltmək çətin olur. Ən əsası odur ki, ona yardım etmək istəyən könüllü görünmür...
Sədrəddin Soltan
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13