Bu gün - Polis Günü ərəfəsində Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin yeni inzibati binasının açılışı olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, tədbirdə iştirak edən daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev əvvəlcə şəxsi heyətlə görüşüb, nazir, general-polkovnik Vilayət Eyvazovun salamlarını və xoş arzularını çatdırıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin ali diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, yeni inzibati binanın istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.
Məlumat verilib ki, ikimərtəbəli müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, yardımçı otaqlar istifadəyə verilib, həyətdə su anbarı tikilib. Binada havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Sonra tədbir iştirakçıları yeni binanın növbətçi hissəsinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıblar. İştirakçılar binada ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.
İnzibati binanın açılışında Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Şəhər Polis İdarəsinin və digər hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.