Kimi lap uşaq yaşlarından, kimisi də yetkinlik yaşından bu bəlanın qurbanına çevrilir. Söhbət narkomaniyadan gedir.
Unikal.org xəbər verir ki, Baku.Tv-nin əməkdaşları Respublika Narkoloji Mərkəzində olub.
Hazırda Narkoloji Mərkəzdə müalicə alan 22 yaşlı Səmədova Fatimə də ömrünün altı ildən çoxunu narkomaniyaya qurban verib. O, hələ orta məktəb vaxtından, daha dəqiq desək, 15 yaşından bu bəlaya düçar olub.
Sinif yoldaşının “bir tüstü də sən al, bir dəfə ilə heç nə olmaz” sözlərinə aldanan Fatimənin həyatı o vaxtdan məhv olub. O deyir ki, narkotikə qurşandıqdan sonra hər kəs ondan üz çevirib.
Narkotik qəbul etdikdən sonra keçirdiyi ağrılardan danışan Fatimə hər kəsi bu bəladan uzaq olmağa çağırır.
Narkotiklə həbs olunan Fatimənin son sözü isə belə oldu:
“Bu yolun sonu ya ölümdür, ya həbsxana. Heç kəsə narkotik qəbul edib ölməyi arzulamıram”.
Üzünün görünməsini istəməyən digər həmsöhbətimizin dediyinə görə, çox xoşbəxt ailə həyatı varmış. Hər şey həyat yoldaşının vəfatından sonra başlayıb.
O, ilk dəfə narkotiki sonradan tanış olduğu insanla qeyri-rəsmi münasibət yaşadıqdan sonra qəbul edib. Bir neçə dəqiqəlik həzz onu azyaşlı övladından ayıraraq Narkoloji Mərkəzə gətirib.
Dediyinə görə, narkotik vasitədən az müddət istifadə edib. Qısa vaxtda aludəçiyə çevrilən müsahibimiz bildirir ki, narkotikdən asılılıq elə bir şeydir ki, bədən tələb edəndə övladını belə qurban verməyə hazır olursan.
İlqarın da hekayəsi digərləri kimi başlayıb. “Bir dəfə ilə heç nə olmaz” deyib başlayan İlqar narkotik aludəçisi olmamışdan əvvəl musiqi ilə məşğul imiş. Bir neçə dəfə narkotik qəbulu onu da aludəçiyə çevirib. O, əldə etdiyi hər şeyi narkotikə qurban verib.
Sonda müsahiblərin hər biri hər kəsi bu bəladan uzaq durmağa və iradəli olmağa səsləyiblər. Burada olanların bir arzusu var: tez bir zamanda müalicə olunub buranı tərk etmək, cəmiyyətə qayıtmaq.