Dünyada mobil telefon nömrələrinin gözqamaşdırıcı qiymətə satılması təcrübəsinə tez-tez rast gəlinir.
Unikal.org “qaynartinfo”ya istinadən xəbər verir ki, məsələn, bir neçə il əvvəl 666-66-66 nömrəsi Qatarın paytaxtı Doha şəhərində yerli telekommunikasiya şirkəti tərəfindən satışa çıxarılmış və 10 dəqiqəlik hərrac zamanı 2 milyon 750 min dollara satıldı.
Satışdan əldə edilən gəlir yerli xeyriyyə fonduna və Qatar əhalisinə tibbi xidmətin göstərilməsi şərtlərinin yaxşılaşdırılmasına yönəldilmişdi.
135 85-85-85-85 nömrəsi isə Çində təşkil olunan internet-hərracda 1 milyon 100 min ABŞ dollarına satılmışdı.
Rəqəmlərin bu ardıcıllığı çin dilində "Qoy mən varlı olum, varlı olum, varlı olum, varlı olum” anlamına gəlirdi.
88-88-88-88 nömrəsi isə 285 min ABŞ dollarına Çinin Siçuan əyalətində bir aviaşirkətə satılmışdı.
Çində belə hesab edilir ki, 8 rəqəmi uğur, xoşbəxtlik və zənginlik gətirir.
Azərbaycanda da "qızıl nömrə" kimi təqdim edilən mobil telefon nömrələrinin öz həvəskarları var.
Məsələn, bu günlərdə ölkəmizdə 25 min manata mobil telefon nömrəsi satışa çıxarılıb.
050 21155 85 nömrəsinin qiyməti məhz bu qədərdir.
Nömrənin satışını isə "555 Telekom" mağazası təşkil edir.
Qeyd edək ki, Azərbaycanda əksər iri məmurların və iş adamlarının mobil telefon nömrəsi nəyə görəsə, bir qayda olaraq, 211-lə başlayır.
Bu rəqəmlərlə başlayan nömrələr arasında 14 min manata (050 211 58 56) satılan da var, 15 min manata satılan da (050 211 59 69).
050 211 16 21 nömrəsini isə 10 min manata almaq olar.
Lakin sadəcə 211-lə başlayan telefon nömrələrinin qiyməti görənləri şoka salmır.
Məsələn, 050 200 9292 nömrəsinə sahib olmağı arzulayanlar 6 min, 050 291 1111 nömrəsini almaq həvəsinə düşənlər 6500 manat, 050 200 00 60 nömrəsini əldə etmək istəyənlər isə 13 min manatından keçməlidirlər.
Yeri gəlmişkən, Qatarda 2 milyon 750 min dollara satılan mobil telefon nömrəsi (666 666 66 – 055-lə başlayır) vaxtilə Azərbaycanda da satışa çıxarılmışdı: özü də 100 min manata!
Lakin həmin nömrə üçün bu qədər yüksək qiymətə müştəri tapılıb-tapılmadığı məlum deyil.
Onu da deyək ki, insanların maddi dəyəri fantastik məbləğlə ölçülən mobil telefon nömrələrinə həvəslə pul ödəməsini psixoloqlar daha çox özünütəsdiq cəhdi kimi qiymətləndirirlər.
Hesab edirlər ki, həyatda başqa cür uğur qazana bilməyənlər belə dəbdəbəli, lakin dəbdəbəli olduğu qədər də anormal seçimlərə meyllənirlər...