Sabiq deputat Gültəkin Hacıbəyli keçmiş həyat yoldaşı Mahmud Mehdiyevi ittiham edib.  

Unikal.org-un məlumatına görə, G.Hacıbəyli məhkəmənin qərarı ilə 9 ildir övladının ölkədən çıxışına qadağa qoyulduğunu və məhkəmənin belə bir qərar verməsində keçmiş ərini günahlandırıb: “Məhkəmə övladımın atası ilə görüşmək hüququnu əsas tutaraq oğlumun ölkədən çıxışını yasaqlayıb. Ata deyəndə söhbət vaxtilə işlədiyi prokurorluq orqanlarından qovulmuş şəxsdən gedir. 2013-cü ildə bu "atanın" bacısı Aynur Mehtiyeva insan alveri cinayətinə görə həbs edilib. 9 il uşağı ilə maraqlanmayan, bir dəfə görüş üçün müraciət etməyən, bir manat aliment ödəməyən atanın övlad nəyinə lazımdır?! Oğlum atasını qəbul etmir və 15 yaşlı yeniyetmənin öz seçimini etmək hüquqi var”.

Mahmud Mehdiyev keçmiş həyat yoldaşının ona qarşı səsləndirdiyi ittihamlara cavab verib.

M.Mehdiyev APA-ya ünvanladığı məktubunda G.Hacıbəylinin onu övladı ilə görüşməsinə heç vaxt imkan vermədiyini açıqlayıb: “Oğlumla görüşməyimə imkan vermədiyinə görə, mən 2011-ci ilin iyul ayında Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək ona verdiyim etibarnamənin ləğv edilməsini və oğlumun anası ilə Azərbaycanın hüdudlarından kənara çıxarılmasının qarşısının alınmasını xahiş etmişdim. O, uşaqla birlikdə xaricdən qayıdan zaman ona sərhəddə bu barədə məlumat verilmişdi. Bəs görəsən Gültəkinb Hacıbəyli həmin vaxt niyə hakimiyyətin onu təqib etməsi barədə aləmə car çəkmirdi?”  

M.Mehdiyev həmçinin qeyd edib ki, Azərbaycan qanunvericiliyinə əsasən valideynlərin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir, uşaqla yaşayan valideyn digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır: “Həmçinin Qanunvericiliyin tələbinə əsasən valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında məhkəmə tərəfindən həll edilir.  Gültəkin Hacıbəyli mənim oğlumu mənim valideynlik hüquqlarımı pozmaqda davam edərək icazəm olmadan uşağı xaricə aparmaq istəyir. O, faktiki olaraq məni valideynlik hüququmdan məhrum etməyə cəhd etmiş olur. Məhkəmə də haqlı olaraq mənim valideynlik hüquqlarımı müdafiə edib. Yetkinlik yaşına çatmayan uşaqlar barəsində qərarlar onların valideynlərinin razılığı ilə həyata keçirilməlidir. Bu razılıq qarşılıqlı olmalıdır. Bir tərəfin razılığı olmadan uşağın mənafeyi ilə bağlı qərarın qəbul olunması digər valideynin hüquqlarının pozulması deməkdir. Gültəkin Hacıbəyli anlamalıdır ki, hər kəs qanun qarşısında bərabərdir”.  

Orxan Həsənli