"Əksər neft-qaz ölkələrində maaşların, pensiyaların kəsilməsinə baxmayaraq, Azərbaycanda maaşlar, pensiyalar 10 faiz artırılıb, dövlət sektorunda ixtisarlar aparılmayıb, əhalini ictimai işlərə cəlb etməklə məşğulluq artırılıb".
Bu fikirləri Azərbaycan Respublikası prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Sosial biznes - inkişafa gedən yol" beynəlxalq konfransında çıxış edərkən deyib.
O, Azərbaycanın müstəqil iqtisadi-siyasətinin başlıca istiqamətlərini bazar iqtisadiyyatı və dünya iqtisadiyyatına inteqrasiyanın təşkil etdiyini bildirib: "Bu gün ölkədə geniş sahibkarlıq təbəqəsi formalaşıb və özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artıb. Bu gün ölkədə sosial siyasət aparılır. Son 12 il ərzində qeyri-neft sektoru, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin edilib, milli valyutanın sabitliyi, bank sektorunun etibarlılığı artırılıb, konservativ xarici borclanma strategiyası həyata keçirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib və nəticədə əhalinin sosial rifahı yaxşılaşdırılıb.
İqtisadiyyatın diversifikasiyası ilə əlaqəli nəzərdə tutulmuş tədbirlərin sistemli reallaşdırılması qeyri-neft sektorunun və regionların inkişafının davamlılılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafıyla bağlı 2004-2013-cü illər ərzində 2 beşillik dövlət proqramı işlənib hazırlanıb və həyata keçirilib.
Proqramların icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 3,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə artıb. Ölkədə 900 mini daimi olmaqla, 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluğun səviyyəsi isə 2001-ci ildəki 49 faizdən bu gün 5,3 faizə enib".
Prezidentin köməkçisi daha sonra əlavə edib: "Ötən dövr ərzində insan kapitalının formalaşması, möhkəmlənməsi və inkişafı dövlətin iqtisadi inkişaf siyasətinin prioritetləri arasında yer alıb, əldə edilmiş valyuta gəlirlərinin insan kapitalına çevrilməsi sosial-iqtisadi siyasətin başlıca hədəflərindən biri olaraq müəyyən edilib. 2020 gələcəyə baxış inkişaf konsepsiyasında insan kapitalının inkişaf etdirilməsi, neft kapitalının insan kapitalına çevrilməsi mərkəzi mövqe tutur. Qeyd etmək lazımdır ki, dünyada baş verən bir sıra proseslər, neftin qiymətinin qısa müddət ərzində təqribən 3 dəfəyə yaxın aşağı düşməsi, ən yaxın ticarət tərəfdaşlarımızın milli valyutalarının sərbəst buraxılması və digər siyasi və iqtisadi proseslər Azərbaycana da təsirsiz ötüşməyib. Lakin qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar sözügedən proseslərin respublikamıza təsirini minimuma endirdi. Ötən il ərzində ümumi daxili məhsulda 1,1 faiz real artım müşahidə olunub və cari qiymətlərlə 54 milyard manat təşkil etmişdir. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 5703 manat təşkil edib.
Ölkədə iqtisadiyyatın və sosial-sahələrin inkişafına bütün maliyyə mənbələrinin hesabına 15,9 milyard manat əsas kapitala investisiya yönəldilib ki, bu vəsaitin də 56 faizini daxili investisiyalar, 44 faizini isə xarici investisiyalar təşkil edib".
Natiq Əmirov manatın devalvasiyası məsələsinə də toxunub: " Azərbaycan da qlobal proseslərdən kənarda qala bilməz. Neftin qiymətini kəskin ucuzlaşması, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan xarici investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının silsilə devalvasiyaya uğraması qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunub saxlanması məqsədilə ölkəmizdə milli valyutanın devalvasiyasını zərurətə çevirib. Hazırda valyuta bazarında sabitlik müşahidə olunur, manat öz fundamental qiymətini almaqdadır". (AzNews.az)