Hökumətdən POS-terminallarla bağlı mühüm qərar
Hökumətdən POS-terminallarla bağlı mühüm qərar

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"nı təsdiq edib.

Nazirlər Kabinetinin rəsmi saytının verdiyi məlumata görə, bu qaydalar ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində POS-terminalların bu Qaydaların 1 nömrəli əlavəsindəki cədvəl üzrə mərhələlərlə quraşdırılması, qeydiyyatı, istifadəsi, habelə POS-terminalların tətbiqi ilə bağlı digər münasibətləri tənzimləyir.

POS-terminalın mülkiyyətçisi sifarişçi və ya bank ekvayer ola bilər POS-terminal beynəlxalq ödəniş kartlarının qəbulu üçün müvafiq sertifikata, POS-terminal məlumat daşıyıcısı həm maqnit lent, həm də inteqral sxem (mikroprosessor) olan kartlar vasitəsilə əməliyyatların həyata keçirilməsi imkanına malik olmalıdır. POS-terminalda kartlar vasitəsilə PİN kodun daxil edilməsi tələb olunan əməliyyatların aparılması üçün nəzərdə tutulmuş klaviatura (POS-terminalın inteqrə edilmiş və yaxud POS-terminalla əlaqəsi olan ayrı avadanlıq kimi) olmalıdır. POS-terminalın texniki parametrləri bank ekvayer və ya xidmət mərkəzi tərəfindən dəstəklənmə imkanlarına malik olmalıdır.
POS-terminalın quraşdırılması üçün zəruri olan texniki imkanlar (dayanıqlı rabitə kanalı, elektrik cərəyanı mənbəyi və s.) sifarişçi tərəfindən təmin edilir. Bank ekvayer POS-terminalın qoşulmasına və xidmət göstərilməsinə dair xidmət mərkəzi ilə müqavilə bağlayır, habelə quraşdırılacaq POS-terminalın istehsalçısı tərəfindən verilmiş vəbu qaydalarda nəzərdə tutulmuş sertifikatın surətini xidmət mərkəzinə təqdim edir. POS-terminalın mülkiyyətçisi sifarişçi və ya bank ekvayer ola bilər. Sifarişçiyə məxsus POS-terminal bu qaydaların tələblərinə cavab verməlidir.
POS-terminalların quraşdırılması üçün hansı sənədlər təqdim olunmalıdır?
Vergilər Nazirliyi qanunvericiliyə müvafiq olaraq POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün bu qaydaya uyğun bildiriş göndərir. Sifarişçi bildirişi aldıqdan sonra 10 (on) iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir.
Sifarişçi POS-terminalın quraşdırılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədləri bank ekvayerə təqdim etməlidir:
- vergi ödəyicisinin və ya dövlət orqanının qanuni təmsilçisinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- sifarişçinin vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti;
- təsərrüfat subyektinin vergi uçotunu təsdiq edən sənədin surəti.
- Bank ekvayer sifarişçinin müraciətinə göstərilmiş sənədlər təqdim edildikdən sonra 3 (üç) iş günü müddətində baxır. Bu müddətdə bank ekvayer POS-terminalın quraşdırılması üçün texniki imkanların yoxlanması məqsədi ilə təsərrüfat subyektinə yerində baxış həyata keçirə bilər.
Vergilər Nazirliyi 2 (iki) iş günü müddətində bank ekvayerin təqdim etdiyi məlumatlar əsasında POS-terminala qeydiyyat nömrəsi verir və müvafiq məlumatları bu Qaydaların 5 nömrəli əlavəsinə uyğun olaraq elektron və ya kağız daşıyıcısında bank ekvayerə göndərir. Bank ekvayer Vergilər Nazirliyindən aldığı məlumatlar əsasında tərtib etdiyi POS-terminalın qeydiyyat nömrəsi haqqında məlumatı bu Qaydaların 6 nömrəli əlavəsinə uyğun olaraq, 2 (iki) iş günü müddətində sifarişçiyə göndərir. Bank ekvayer 2 (iki) iş günü müddətində POS-terminalın qoşulması və xidmət göstərməsi üçün xidmət mərkəzinə müvafiq qaydada sifariş göndərir. Xidmət mərkəzi 2 (iki) iş günü müddətində POS-terminalın qoşulmasını təmin edir. POS-terminal xidmət mərkəzinə qoşulduqdan dərhal sonra sifarişçi POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsini təmin edir. POS-terminalla aparılan əməliyyatlar üzrə hesablaşmalar sifarişçinin bank ekvayerdəki hesabı vasitəsilə həyata keçirilir.

Bəs sonra?

Sifarişçi əməliyyatçının bank ekvayerlə bağlanmış müqavilənin şərtlərinə, o cümlədən təhlükəsizlik tədbirlərinə riayət etməsini təmin edir. Sifarişçinin POS-terminal quraşdırmış təsərrüfat subyekti ödənişə qəbul edilən kart təşkilatının müvafiq loqotipini kart sahibinin rahat görə biləcəyi yerdə yerləşdirir. Əməliyyatçı kartlar vasitəsilə ödənişin qəbul edilməsi zamanı kart istifadəçisinə özündə aşağıdakı məcburi rekvizitləri əks etdirən qəbzin verilməsini təmin edir:
- bank ekvayerin adı;
- sifarişçinin adı və VÖEN-i;
- qəbzin nömrəsi;
- əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə);
- xidmət mərkəzinin adı;
- POS-terminalın kodu;
- ödənişin məbləği;
- kartın təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən rekvizitləri;
- avtorizasiya kodu.
POS-terminal vasitəsilə dövlət büdcəsi və büdcədənkənar vəsaitlər üzrə mərkəzləşdirilmiş (vahid) xəzinə hesabına ödənişlərin aparılması zamanı qəbzdə büdcə təşkilatı və ya büdcədənkənar dövlət fondunun rekvizitləri, büdcə gəlirlərinin təsnifatı və büdcə səviyyəsinin kodu qeyd edilir. Təhlükəsizlik tələblərinə müvafiq olaraq, əməliyyatçı qəbzin kart istifadəçisi tərəfindən imzalanmasını tələb edə bilər.
Sifarişçi qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla kart, kart istifadəçisi, habelə aparılmış əməliyyatlar haqqında ona məlum olan məlumatların məxfiliyinin qorunmasını təmin edir. İş gününün sonunda əməliyyatçı bank ekvayerlə sifarişçi arasında bağlanmış müqaviləyə uyğun olaraq xidmət mərkəzinə (və ya ekvayer banka) sorğu göndərərək, gün ərzində aparılmış əməliyyatları üzləşdirir. Hər hansı uyğunsuzluq aşkar olunduqda, bu barədə xidmət mərkəzi (və ya ekvayer bankı) məlumatlandırılır və aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Sifarişçi kartlar vasitəsilə ödənişin qəbul edilməsi üçün təsərrüfat subyektlərində POS-terminalların işlək vəziyyətdə olmasını təmin edir və hər hansı nasazlıq baş verdikdə, bu barədə bank ekvayeri (və ya xidmət mərkəzini) dərhal məlumatlandırır.

Nasaz POS-terminalla bağlı nə etməli?

POS-terminalda nasazlıq baş verdikdə, bank ekvayer və ya sifarişçi (POS-terminal sifarişçinin mülkiyyətində olduğu halda) 5 (beş) iş günü müddətində POS-terminalın işlək vəziyyətə gətirilməsini təmin edir.
POS-terminalın təmiri daha çox müddət tələb etdikdə, bank ekvayer və ya sifarişçi təsərrüfat subyektini yeni POS-terminalla təmin edir. Təmirə ehtiyacı olan POS-terminalın qeydiyyatdan çıxarılması və yeni POS-terminalın qeydiyyata alınması bu Qaydalara uyğun həyata keçirilir. Bank ekvayer aşağıdakı hallarda 3 (üç) iş günü müddətində POS-terminala verilmiş qeydiyyat nömrəsinin (nömrələrinin) ləğv edilməsi üçün bu Qaydaların 7 nömrəli əlavəsinə uyğun olaraq elektron və ya kağız daşıyıcısında Vergilər Nazirliyinə müraciət edir:
- sifarişçi ilə bank ekvayer arasında bağlanmış müqaviləyə xitam verildikdə;
- POS-terminal yenisi ilə əvəz edildikdə (bu zaman yeni terminalın qeydiyyat məlumatları bu Qaydalara uyğun təqdim edilir);
- sifarişçinin POS-terminal quraşdırılmış təsərrüfat subyekti ləğv edildikdə.
- Vergilər Nazirliyi POS-terminala verilmiş qeydiyyat nömrəsinin ləğv edilməsi üçün bank ekvayerdən müraciət daxil olduqdan sonra 3 (üç) iş günü müddətində qeydiyyat nömrəsini ləğv edir və bu Qaydaların 8 nömrəli əlavəsinə uyğun olaraq banka məlumat verir.
Bu Qaydalarda nəzərdə tutulmuş hallarda POS-terminal qeydiyyatdan çıxarıldıqdan sonra 3 (üç) iş günü müddətində sifarişçiyə yeni POS-terminalın quraşdırılması üçün bu bildiriş göndərilir. Sifarişçi bu Qaydaların 4.2-ci bəndinin tələblərinə uyğun olaraq, yeni POS-terminalın quraşdırılmasını təmin etməlidir. Sifarişçi, eyni zamanda bir neçə bank ekvayerin xidmətindən istifadə edə bilər. Hər bir POS-terminalın qeydiyyatı bu Qaydalara uyğun həyata keçirilir. Dövriyyəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq, fərdi sahibkarlar və hüquqi şəxslər təsərrüfat subyektlərində POS-terminalın quraşdırılması üçün könüllü şəkildə bank ekvayerə müraciət edə bilərlər.

POS-terminallar
hansı obyektlərə
quraşdırıla bilər?

POS-terminallar quraşdırılacaq obyektlər aşağıdakılardır:
- dövriyyəsindən və ərazisindən asılı olmayaraq Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
- dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
- rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);
- hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri (ərazilər üzrə POS- terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);
- vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq).

Sənan Mirzə