Aydın Bəşirovun oğlu oliqarxlar cərgəsinə qoşulur
12:00 10-10-2012
İQTİSADİYYAT
Aydın Bəşirovun
oğlu oliqarxlar cərgəsinə qoşulur
İlqar Bəşirov İsveçrə banklarına yatırtdığı milyonları necə qazanıb?
Qəzetimizin elektron ünvanına "Xəzərdənizgəmiçilik" İdarəsinin (XDGİ) rəisi Aydın Bəşirovun qaranlıq fəaliyyətinə işıq salan şikayət məktubu daxil olub. Daxil olan informasiyada qeyd olunur ki, XDGİ-nin rəisi Aydın Bəşirovun işgüzar fəaliyyəti xırdaca bir yoxlamaya məruz qalarsa ortaya çox ciddi korrupsiya və yeyinti faktları çıxar. Bundan əlavə isə bildirilir ki, Aydın Bəşirov tabeçiliyində olan işçilərə qarşı hədsiz pis münasibəti ilə diqqətləri cəlb edir.
Belə ki, onun hətta rəsmi iclaslarda belə işçiləri ağır formada təhqir etməsi, ifadələrində küçə söyüşlərinə və idarə rəisi üçün yolverilməz olan jarqonlara üstünlük verməsi artıq ciddi narazılıq yaratmışdır. Bununla bağlı daxil olmuş faktlar ayrıca bir yazının mövzusu olduğundan məsələyə növbəti saylarımızın birində qayıdacağıq. Bu yazımızda isə baş "gəmiçi"nin oğlu İlqar Bəşirovla bağlı redaksiyamıza ötürülmüş informasiyaları oxucularımızla bölüşmək qərarına gəldik.
Əldə etdiyimiz dəqiq məlumatlara əsaslanaraq iddia etmək olar ki, Aydın Bəşirovun oğlu İlqar Bəşirovu tərəddüd etmədən bu gün ölkənin ən zəngin adamları siyahısına daxil etmək olar. Maraqlıdır, bəs görəsən İlqar Bəşirov bu imtiyazı hansı yollarla qazanıb? Mənbəmizin bununla bağlı bizə təqdim etdiyi faktlarda göstərilir ki, üzdə görünməyi çox sevməyən İlqar Bəşirov bu gün qeyri-rəsmi olaraq "Xəzərdənizgəmiçilik" idarəsini atası ilə necə deyərlər şərikinə işlədir. Bunun necə mümkün olmasının isə sadəcə bir izahı var. Belə ki, atasının rəhbərlik etdiyi idarənin balansındakı arsenaldan geninə-boluna yararlanan İlqar Bəşirov bu gün özünün əsl biznes imperiyasını yaratmağa nail olub. Hazırda ona məxsus 37 yükdaşıma gəmisinin olduğunu bildirən mənbənin sözlərinə görə bu gəmilərdən əsasən neftdaşımada istifadə olunur. Halbuki neftdaşıma işi ilə birbaşa məşğul olmalı olan qurum məhz "Xəzərdənizgəmiçilik" idarəsinin gəmiləridir. Amma Aydın Bəşirov bu "nöqsana" asanlıqla göz yummağı bacarır. Niyəsi isə aydındır, görünür qocalmış ata bu yolla oğluna "gün ağlamaq" fikrindədir.
Apardığımız araşdırmalar zamanı o da ortaya çıxdı ki, şəxsi şirkətinin mövcudluğuna baxmayaraq İlqar Bəşirov vergi ödəyicisi kimi qeydiyyatdan keçməyib. Bu və digər müəmmaların sirrini isə bu istiqamətdə əməkdaşımızın apardığı jurnalist təhqiqatı yekunlaşdıqdan sonra biləcəksiniz.
Hələlik tam olaraq dəqiqləşdirdiyimiz informasiyalardan biri də ondan ibarətdir ki, İlqar Bəşirov atasının rəhbərlik etdiyi dövlət strukturunun bazasında özü üçün qurduğu bu iş sayəsində böyük məbləğdə pullar qazanmaqdadır. Maraqlı nüanslardan biri isə həmin pulların dərhal İsveçrə banklarına yatırılmasıdır. Çox böyük ehtimalla ata ilə oğul bunu hər ehtimala qarşı təhlükəsizlik tədbiri olaraq düşünüblər. Mənbənin bildirdiyinə görə, hazırda İlqar Bəşirovun İsveçrə banklarında dəyəri milyonlarla ölçülən varidatı var.
Aydın Bəşirovun oğlunun böyük biznes şəbəkəsi yalnız bununla yekunlaşmır. Öyrəndiyimizə görə, paytaxtda ona məxsus bir neçə nüfuzlu iaşə obyektləri və şadlıq sarayları fəaliyyət göstərir. Bundan başqa İlqar Bəşirovun tikinti sektorunda da aktiv olduğu bildirilir. Təbii ki, burada da Aydın Bəşirovun "atalıq qayğısı" onun işinə çox yarayıb. Belə ki, əldə etdiyimiz məlumatlarda XDGİ rəisi işçilərə ayrılmış torpaq sahələrini mənimsəyərək həmin əraziləri oğlunun şirkətləri üçün tikinti meydançasına çevirməkdədir. Məlumatlara görə,
İlqar Bəşirov XDGİ işçiləri üçün bina tikintisi məqsədilə ayrılan əraziləri qəsb edərək orada çoxmərtəbəli binalar tikib satır. Məsələn, öyrəndiyimizə görə, həmin binalardan biri köhnə Dəniz Vağzalı ilə üzbəüz tikilib. Orada bir mənzilin kvadratmetri isə 5 min manatdan aşağı satılmayıb. İlqar Bəşirovun tikinti sektorundan da küllü miqdarda vəsait götürdüyünü iddia edən mənbəmizin sözlərinə görə buraya ayrılan vəsaitin də məhz XDGİ-dən ötürüldüyünü bildirir. Başqa sözlə, Aydın Bəşirov rəhbərlik etdiyi quruma dövlət tərəfindən ayrılmış və hər qəpiyinin belə təyinatı olan milyonları özünün və oğlunun şəxsi biznesinə yönləndirməklə böyük bir maliyyə fırıldağına imza atıb.
Aydın Bəşirovun gələcək planları ilə bağlı da danışan mənbəmiz iddia edir ki, hazırda o oğlunu öz yerinə təyin etdirmək üçün müxtəlif vasitələrə əl atır. Oğlu İlqar Bəşirovun gəmi yükdaşımasında böyük təcrübəyə (bu "zəngin təcrübə"nin necə qazanıldığını yuxarıda şərh etmişik-red) malik olduğunu hər fürsətdə dilə gətirən Aydın Bəşirov oğlunun yüksəlişini təmin etməyə çalışır. Amma oğlunu öz yerinə hazırlamaqda olan Aydın Bəşirov bəzi mətləbləri unudur. Onun nələri unutduğunu və nələri xatırlamalı olduğunu isə növbəti yazılarımızda açıqlayacağıq. Qarşı tərəf kimi yazıda adları keçən şəxslərin də mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23
2024-11-21 10:43:28