“Bakı yaşayış üçün yararsız şəhərə çevrilməkdədir”
12:09 10-10-2012
CƏMİYYƏT
“Bakı yaşayış üçün yararsız şəhərə çevrilməkdədir”
Mais Güləliyev: “Bakı şəhərindəki ekoloji fəlakət artıq dönməz xarakter alıb”
Son illər Bakıda yaşıllıqların ümumi sahəsi 2 dəfədən çox azalıb. Şəhərin yaşıllıq massivlərinin bir çoxu tamamilə yararsız vəziyyətə salınıb. Bakıda adambaşına düşən yaşıllıq sahələri də 3-4 dəfə azalıb. Hətta adambaşına düşən yaşıllıq zolağının azalmasına görə, ekoloqlar həyəcan təbili çalır.
Onu da qeyd edək ki, 160 il əvvəl Bakıda yaşıllıq ümumiyyətlə olmayıb. Təkcə 1920-ci ildə Bakıda 3 hektar yaşıllıq sahəsi olub. Yaşıllıq zonalarının məhv edilməsinin əsas səbəblərindən biri bu ərazilərdə torpaq sahələrinin özəlləşdirilməsi və tikinti sahələri kimi istifadə edilməsidir. Son illər yaşıllıq zolağının məhv edilməsi və havaya atılan tullantıların miqdarının artması adambaşına düşən yaşıllıq zolağının azalmasına səbəb olub. Qeyd edək ki, Bakıda 1991-ci ildə adambaşına 21,1 kvadratmetr yaşıllıq düşdüyü halda, 16 il sonra- 2007-ci ildə bu rəqəmin 6-7 kvadratmetrə qədər endiyi aşkarlanıb. Bakıda 1920-ci ildən cəmi 3 hektar sahə ilə başlayan yaşıllıq 1991-ci ildə ən yüksək həddə çatıb. 1992-ci ildən yaşıllığın həcmi azalmağa başlayıb, 2000-ci ildən isə bütün Bakı şəhərində yaşıllıqların kütləvi şəkildə məhv olunması prosesi vüsət alıb.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, xarici ölkələrdə adambaşına düşən yaşıllıq zolağı 50 kvadratmetrdirsə, bu rəqəm Rusiyada 25 kvadratmetrdir.
Azərbaycanda əvvəllər adambaşına düşən yaşıllıq sahəsi 7 kvadratmetr idisə, indi bu rəqəm heç 1 kvadratmetr də deyil. Ona görə də paytaxtın havası ən çirkli hava hesab olunur. Ekoloqun sözlərinə görə, paytaxtda havanın çirklənmə səviyyəsi bütün normalar üzrə 2-3, hətta 10 dəfə artıqdır. Ümumiyyətlə şəhərin 3-də bir hissəsi yaşıllıq zolağı olmalıdır. Amma paytaxtın heç bir faizi də yaşıllıq deyil. Dünya ölkələrinin meqapolislərində standartlar gözlənilir. Standartlara görə, hər adambaşına 25 kvadratmetr yaşıllıq zolağı düşməlidir:
“Biz dəfələrlə təklif etmişik ki, min hektarlarla meşə zolağı salınsın. Bu bizi heç də xilas etməyəcək. Yaxşı olardı ki, hər evin qarşısında heç olmazsa bir-iki dənə ağac olsun. Belə olan halda hər kəs həm bu ağaclara qulluq etmiş olur, həm də bu ağaclar oranı oksigenlə təmin etmiş olar, havanı təmizləyər. Məsələn, paytaxtın “Beşmərtəbə” deyilən ərazisində yaşıllıq zolağı olduğundan orada oksigen digər yerlərə nisbətən normaldır. Amma hamının “Sovetski” kimi tanıdığı ərazidə oksigenin miqdarı demək olar ki, normalara cavab vermir. Ona görə də həmin ərazidə hava ən çirkli havalardan biridir. Odur ki, Bakı yaşayış üçün yararsız şəhərə çevrilməkdədir”.
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev “Unikal”a bildirdi ki, “KİV Bakının yaşamaq üçün yararsız şəhərə çevrilməsi barədə bu gün həyəcan təbili çalırsa, artıq gecdir. Bakı şəhərindəki ekoloji fəlakət artıq dönməz xarakter alıb və bu şəhər dəhşətli dərəcədə çirklənib. Elə məsələlər var ki, onları vaxtında qaldırmaq lazımdır. Biz bir qurum olaraq bu həyəcan təbilini on il əvvəl çalırdıq, amma bizim nidalarımıza əhəmiyyət verən olmadı. Bakıda tikinti və şəhərsalma işləri o qədər qeyri-elmi şəkildə aparılıb ki, ya gərək Bakı təzədən sökülə, yerində yeni şəhər salına ki, bu da praktik olaraq mümkün deyil. Çünki bunun üçün milyardlarla maliyyə vəsaiti lazımdır. Bu milyardlar isə Azərbaycanda iki ildən sonra praktik olaraq olmayacaq. Nadancasına tikilmiş təzə, hündür binaları isə sökmək, kanalizasiya sistemini təzələmək, demək olar ki, mümkün deyil. Bəs neyləmək olar? Bakının idarə edilməsi yenidən qurulmalıdır. Bunu isə Bakını bu günə salmış adamların əli ilə etmək mümkünsüzdür”.
Güləliyevin fikrincə, “Bakı şəhərinin inkişafı və ekologiyasının dəyişdirilməsi təkcə Bakının problemləri ilə bağlı deyil. Ölkənin bölgələrindəki məşğulluq problemi də həll edilməlidir ki, işsiz qalmış əhali Bakıya axışmasın”.
Partiya sədrinin sözlərinə görə, “Azərbaycan cəmiyyətində ekologiya ilə bağlı təsəvvürlər də düzgün deyil. Hamı elə bilir ki, ekologiya təkcə ağac əkmək və yaşıllıq salmaqdır, bununla da problem həll edilir. Bakının ekologiyasını korlayan ən mühüm amillərdən biri də şəhərin avtomobil təsərrüfatında yaranmış başlı-başınaçılıqdır. Texniki baxımdan istismar üçün yararsız hala düşmüş avtomobillər qədər bu şəhərin havasını korlayan iknci qaynaq yoxdur, amma heç kim buna fikir vermir”.
Mais müəllim hesab edir ki, “Təbii ekoloji durum mənəvi ekologiyaya da təsir edir. Buna görədir ki, son illərdə Bakıda baş verən cinayətlərin sayı sürətlə çoxalmaqdadır, camaatımız bir-birinə qarşı kinli və qəzəbli davranır, cəmiyyətdə barışmazlıq əhval-ruhiyyəsi güclənir”.
Şakir
Digər Xəbərlər
2024-12-27 12:04:00
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31
2024-12-27 11:21:58
2024-12-27 11:20:29
2024-12-27 11:18:49
2024-12-27 11:15:33
2024-12-27 11:10:45
2024-12-27 10:57:07