Azərbaycan korrupsiyaya görə cinayət məsuliyyəti ilə bağlı Protokolu imzaladı
Azərbaycan korrupsiyaya görə cinayət məsuliyyəti ilə bağlı Protokolu imzaladı

Elton Quliyev: “Korrupsiyaya qarşı mübarizə bir sıra
kompleks tədbirlərin və dövlət idarəçiliyi sahəsində
fundamental islahatların həyata keçirilməsini tələb edir”

Dünən Azərbaycanın baş prokuroru Zakir Qaralov Strasburqda Avropa Şurasının mənzil qərargahında Təşkilatın “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya”sına əlavə protokolun müvafiq bəyanatla imzalanması mərasimində iştirak edib.

Sənədin imzalanması mərasimində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, baş prokurorun köməkçisi V. Səmədov və Azərbaycanın Avropa Şurası (AŞ) yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Cəlal Mirzəyev iştirak edib.
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib ki, Azərbaycan AŞ-nın “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası”na 2003-cü ildə qoşulub, bu sənədi ratifikasiya edib: “Həmin Konvensiyanı biz o vaxt imzalayanda ordakı bir neçə müddəanı qeyd-şərtlə imzalamışdıq. Bu hər bir dövlətin hüququdu ki, imzaladığı hüquqi sənəddə hansısa müddəanı və ya müddəaları qeyd-şərtlə imzalasın, yəni bu müddəaları qəbul etmədiyini bildirsin. Biz də konvensiyanı imzalayanda bu hüququmuzdan istifadə etmişik. Bunlar “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası”nın 5-ci (xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınması), 6-cı (xarici dövlətlərin seçkili orqanları üzvlərinin rüşvətlə ələ alınması), 10-cu (Beynəlxalq parlament assambleyaları üzvlərinin rüşvətlə ələ alınması) və 12-ci (nüfuz alveri) maddələri idi. Lakin indi biz yerli qanunvericiliyimizdə müəyyən dəyişikliklər etmişik və bu gün bu qeyd-şərtləri də aradan götürdük. Bundan əlavə, baş prokuror bu gün “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası” nın 15 may 2003-cü il tarixli Əlavə Protokolunu (milli dövlət arbitrlərinin rüşvət istəməsi, xarici arbitrlərin, milli və xarici münsiflərin rüşvətlə ələ alınması) da imzaladı. Amma buna uzun zamandır ki, hazırlıq gedirdi. Prezidentin bu il avqustun 30-da imzaladığı sərəncamla Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası”na əlavə protokolunu imzalamaq səlahiyyəti baş prokurora həvalə edilib. Bu gün protokol imzalandı, sənəd Milli Məclisdə ratifikasiya olunandan sonra Azərbaycanda tam qüvvəyə minəcək”.
K. Əliyev qeyd edib ki, Azərbaycan əlavə protokolu bəyanatla imzalayıb: “Biz 2003-cü ildə Konvensiyada olduğu kimi, bu Əlavə Protokolu da bəyanatla imzaladıq. Bəyanat da ondan ibarətdir ki, Azərbaycan torpaqlarının 20% faizi qonşu Ermənistan tərəfindən işğal edilib və biz həmin işğal edilmiş ərazilərdə Konvensiya müddəalarının tətbiqini məsuliyyət kimi öz üzərimizə götürmürük”.
Qeyd edək ki, Z. Qaralov Avropa Şurasına səfəri çərçivəsində təşkilatın baş katibinin müavini xanım Qabriela Battaini-Draqoni ilə ikitərəfli görüş keçirib.
Görüşdə Azərbaycanla AŞ arasındakı münasibətlər haqda fikir mübadiləsi aparılıb. Bundan başqa, xanım Qabriela Battaini-Draqoniyə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş qanunverici və institusional tədbirlər, o cümlədən açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planları, Azərbaycan Prezidenti yanında vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və funksiyaları barədə ətraflı məlumat verilib.
Görüşdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış mütərəqqi dəyişikliklər müsbət qiymətləndirilib, Azərbaycanın AŞ-nın Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) ilə arasındakı uğurlu əməkdaşlığı xüsusi vurğulanaraq, bunun davam etdiriləcəyi qeyd olunub.
Müstəqil hüquqşünas Elton Quliyevin “Unikal”a söylədiyinə əsasən, “Sözügedən Protokolun Azərbaycan tərəfindən imzalanması ilk növbədə milli qanunv ericilikdə baş vermiş müəyyən dəyişikliklərdən sonra mümkün olub. Bir daha yada salım ki, Azərbaycan ilk dəfə həmin beynəlxalq Konvensiyaya qoşulanda müəyyən maddələrə imza etməmişdi. Hazırda isə həmin maddələrin altından imzanın qoyulması korrupsiyaya qarşı mübarizənin miqyasının daha da genişləndiriləcəyindən xəbər verir”.
Hüquqşünasın sözlərinə görə, “Respublikanın Baş Prokurorluğunun nəzdində korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması hələ bu mənfi hallara qarşı mübarizənin yeni müstəviyə keçirilməsini güman etməyə əsas vermir. Düzdür, həmin qurum bir sıra uğurlu əməliyyatlar gerçəkləlşdirə bilib, amma bu idarə bəzən korrupsiyaya qarşı mübarizə adı altında başqa əməliyyatlar həyata keçirdir. Bir sıra əməliyyatların Milli Təhlükəsizlik Nazirliyi ilə birgə həyata keçirilməsi effektli nəticələrin əldə edilməsinə gətirib çıxardıb. Bununla belə hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə bir sıra kompleks tədbirlərin və dövlət idarəçiliyi sahəsində fundamental islahatların həyata keçirilməsini tələb edir. Necə deyərlər, yaşayarıq, görərik ki, yeni öhdəliklərin götürülməsi hansı nümunələrlə nəticələnəcək”.
Adil