Gürcüstan, Azərbaycan və Türkiyənin müdafiə nazirləri yenidən görüşəcəklər.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli açıqlama verib.
O deyib ki, növbəti görüş iyulun sonu avqustun əvvəlində Gürcüstanın Batumi şəhərində olacaq.
"Biz daha əvvəl Qəbələ şəhərində görüşmüşük. Hazırda üç ölkənin nazirlikləri memorandum üzərində işləyir. İmzalanma bu görüşdə baş tuta bilər. Türkiyənin müdafiə naziri dəyişdiyi üçün bizim bir görüşümüz təxirə düşdü. Biz iyulun başlanğıcında onu keçirməyi planlaşdırırdıq. Ancaq həmin görüş iyulun sonu avqustun əvvəlində Batumi də keçiriləcək. Biz bütün məsələlərin birgə həlli üçün səyləri birləşdiririk", - deyə gürcü nazir bildirib.
Mayın 15-də Qəbələdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının sabiq milli müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
Görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Görüş zamanı 3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, Kiber təhlükəsizlik sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub.