Gülər Əhmədovanın ilginc hədəfi
11:51 11-10-2012
İQTİSADİYYAT
Gülər Əhmədovanın ilginc hədəfi
Sabiq deputat "siyasi məhbus" olmağı hədəfləyir?
Sabiq deputat, son günlər gündəmin bir nömrəli qəhrəmanına çevrilmiş Gülər Əhmədova ətrafında həlqə daralır. Artıq xanım Əhmədovanın həbsi məsələsi gündəmdədir və ilginc olanı onun həbs edilməsi barədə tələblərin mənsub olduğu partiyanın rəhbərliyindən səslənməsidir.
Məsələn, partiyanın yaradıcılarından olan və Milli Məclisin Aqrar siyasət Komitəsinə rəhbərlik edən millət vəkili Eldar İbrahimov srağagünki açıqlamasında Gülər Əhmədov olayı ilə bağlı kifayət qədər açıq və sərt danışıb. Eldar İbrahimovun açıqlamasından sitat: "Bu məsələ ilə bağlı konkret qərar verməyin vaxtıdır. Hələlik partiyadan kənarlaşdırılmaması bəlkə də onda müəyyən arxayınçılıq yaradır və o, bundan istifadə edərək YAP-ın rəhbərliyinə qarşı böhtan və təhqir dolu ifadələr işlədir. Hesab edirəm ki, Gülər Əhmədovanın tezliklə Yeni Azərbaycan Partiyasından çıxarılma məsələsi həll edilməlidir. Eyni zamanda prokurorluq orqanları Gülər Əhmədova barədə həbs-qətimkan tədbiri seçməlidir. Doğrusunu deyim ki, mən heç bir qadına belə şeylər rəva bilmərəm. Amma hər kəs qanun qarşısında cavabdehdir".
Bəs bundan sonra nə olacaq?
Eldar İbrahimovun açıqlamasındakı bu hissəni artıq sabiq YAP-çı deputatın həbs perespektivinə doğru ilkin addımlardan biri saymaq olar. Amma fikrimizcə, daha erkən baş verə biləcək hadisə Gülər Əhmədovanın hakim partiya sıralarından da qovulması olacaqdır.
Belə ki, deputat mandatından imtina etdikdən sonra keçmiş millət vəkili ən azı adının YAP üzvü kimi hallandırılmaması və hakim partiyanın adının da məlum qalmaqala daha çox bulaşmaması üçün oradan da istefa edə bilərdi. O, bununla YAP-ı qınaq və tənqid hədəflərindən biri olmaqdan qurtarardı.
Amma Gülər Əhmədova bunu etmədi və görünür o, heç olmasa, YAP-çı kimi qalaraq bu statusunun ona verə biləcəyi dividntlərə ümid edir. Bu boşuna ümiddir, aydın görünür ki, artıq ox yaydan çıxıb və hazırda sabiq deputata qarşı ən kəskin mövqeni elə onun mənsub olduğu partiya sərgiləyir.
Gülər Əhmədova niyə baş redaktorluğa qayıtdı?
Bu arada isə diqqətçəkən bir məqam baş verib: Gülər Əhmədova təsisçisi olduğu və bir müddət baş redaktorluğunu da etdiyi qəzetin başına qayıdıb. Bu barədə məlumatlarda bildirilir ki, sabiq deputat millət vəkili mandatından imtinası rəsmiləşdikdən sonra belə bir addımı atıb.
Bəs bu addımın məqsədi nə ola bilər? Bəzi iddialara görə, xanım Əhmədova həbs edilərsə, bunun "Mərkəz" qəzetinin baş redaktorunun həbsi kimi təqdimatında maraqlıdır və bununla gələcəkdə tutuqlanmasına siyasi rəng verilməsi üçün zəmin hazırlamaq niyyəti güdür. O ümid edir ki, sonradan həbsini beynəlxalq təşkilatlarda əsasən jurnalistika fəaliyyəti ilə əsaslandıra biləcək.
Bu, əlbəttə xəyaldır, çünki ortada kifayət qədər ciddi iddialar var və bu, elə xanım Əhmədovanın öz partiyadaşları tərəfindən dələduzluq cəhdi kimi qiymətləndirilib.
Ölkə gündəmini toz-duman edən bu qədər hadisədən sonra Gülər Əhmədovanın öz həbsini siyasiləşdirə biləcəyinə, beynəlxalq qurumlardan "siyasi məhbus" statusu alacağına inanmaq nəinki çətindir, hətta bu, xəyaldan başqa bir şey deyil.
Amma görünür, "boğulan saman çöpündən yapışdığı" kimi sabiq millət vəkili də buna ən azı cəhd etmək istəyir, "bəlkə alındı?!" xülyasına baş vurur.
Gülər Əhmədova niyə qarşıdurmaya gedir?
Başqa bir maraqlı detal isə sabiq deputatın özünün məsələni gündəmdən düşməyə imkan verməməsidir. O sosial şəbəkələrdə "iynəli statuslar" paylaşır, kimlərəsə (əsasən də üzvü olduğu partiyada!) göndərmələrdə bulunur, polemikalara meylli görünür, sanki adı ətrafında qopan fırtınan yatışmasını istəmir.
Hesab olunur ki, bu da sabiq deputatın müəyyən niyyətləri ilə bağlıdır. Gülər Əhmədova hakim partiyadakı şəxslərlə konflikt içərisində olmaqla yenə də özünün mümkün həbsinə siyasi rəng qata bilməyi amaclayır, elə bir atmosfer yaradılmasını istəyir ki, sabah həbs ediləcəyi təqdirdə bu həbsin YAP-dan sifariş olunduğu, beləliklə də, özünün siyasi məhbus olması barədə asan rəy formalaşdıra bilsin.
Bir daha vurğulamaq yerinə düşər ki, Gülər Əhmədovanın bu hədəflərinə çatması hər bir halda tam mümkünsüzdür. O, yetərincə ağır bir cinayətin iştirakçısıdır, buna artıq mənsub olduğu partiyada və ümumilikdə iqtidar düşərgəsində belə, şübhə yoxdur. Xanım Əhmədova öz əməlləri ilə partiyasını və iqtidarı ləkələməyə çalışıb, eyni zamanda da qanunun bütün ali prinsiplərini əzib keçib. Belədə hansısa "siyasi məhbusluq" niyyətlərinə düşmək həm məntiqdən uzaqdır, həm də reallıqdan!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17