Yaradıcılığa başladığı ilk illərdə Azərbaycan səhnəsində yaylıq bağlayan yeganə xanım idi. Bununla həm yeni obraz yaratdı, həm də fərqliliyi ilə yaddaşlarda daha asan qalmağa nail oldu. Həmin illərdə onun yaylıq taxması bir çox şayiələrə də səbəb olmuşdu. Bir çoxları onun saçlarının olmamasını, bəziləri çox seyrək olduğunu deyirdi. Həqiqət onun yaylıqla yalnız obraz yaratması idi. Vaxt keçdikcə isə artıq özünəməxsus ifa tərzi və istedadı ilə tanınmağa başladı. Artıq yaylıq da taxmadı, amma bəstəkar-müğənni kimi tanındı.
 
İndi onun öz imici və obrazı var. İstər geyim, istər ifa tərzi baxımından yenə də seçilir və fərqlənir.
 
Unikal.org bildirir ki, əməkdar artist Tünzalə Ağayeva obrazı, stili, özünə qulluq sirlərini Aile.lent.az-la bölüşüb.
 
- Sizi çox zaman modelyer Gülnarə Xəlilovanın geyimlərində görürük. Bu, eksklüziv geyimlərə üstünlük verdiyiniz üçün belədir, yoxsa rəfiqə olduğunuz üçün?
 
- Tünzalə Ağayeva olaraq üzərimdə bir imic daşıyıram. Yəni bu, mənim təbii obrazımdır. Hazırda mənə yaraşan, özümü rahat hiss etdiyim obrazdayam. Bu obrazımın qarderobu çox genişdir. Orada isə Gülnarə xanımın əl işləri üstünlük təşkil edir. Tədbirlər olduqda, səhnəyə çıxdıqda, klip, film çəkilişləri, verilişə getdikdə - ümumiyyətlə, kamera qarşısına, ictimaiyyət arasına çıxıramsa, təbii ki, Gülnarə xanımın geyimlərində oluram. Amma gündəlik idman üslubunu çox sevirəm.
 
- Brend sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
 
- Sevdiyim dizaynerlər var. Onlar da ildən ilə fərqli olurlar. Amma hər zaman mütləq bu dizaynerdən geyinəcəm deyə bir qaydam yoxdur. Sevdiyim Dizel brendi var. Demək olar ki, hər il onlardan faydalanıram, onların idman üslubunun dəlisiyəm, çox həvəskarıyam. Discuvardı, Mark Ceykobs, Aleksandr Bankı çox sevirəm. İndi yadıma gəlmir, amma üstünlük verdiyim çox markalar var. Həm də onlar dəbdədir deyə geyinmirəm. Əgər o kolleksiyada mənlik bir şey varsa, geyinirəm. Kolleksiyadan kolleksiyaya fərq var. Xoşuma gəldisə, mənə və cibimə uyğundursa, onu əldə etməyə çalışıram.
 
- Cib demişkən, geyimə çox pul xərcləyirsiniz?
 
- Vaxt var idi hə. İndi geyimə az pul xərcləyirəm. Daha çox obrazlarıma üstünlük verirəm. Sözsüz ki, əsas yeri Gülnarə xanımın geyimləri və brend parçalar tutur. Geyindiyim hər bir parça özəl dizayner tərəfindən hazırlanmış, xüsusi sifariş verilmiş parçalardır, topdan satış deyil. Onlara bəlli bir büdcə xərclənir. Bu da, təbii ki, ucuz büdcə deyil. Amma shoppinqdə çox dəlisov pullar xərcləmirəm. Rəqəm deməyəcəm. Amma yetərincə rəqəmlər olub. Hərədə bir cür rəqəmdir, kimə 10 rəqəmi çox, kimə az, kimə 100 rəqəmi böyük, kimə kiçik sayıla bilər.
 
- Geyimi tamamlayan ünsürlərdən biri aksessurlardır. Hansı aksessuardan daha çox istifadə edirsiniz. Yeri gəlmişkən, bu gün də imicinizi eynək tamamlayır.
 
- Aksessuarlara önəm verirəm, çünki geyimi, obrazı tamamlayır. Çanta, eynək və s., onlarsız olmaz. Eynəklərimin sayı az deyil. Onlardan istifadə etməyi çox sevirəm.
 
- Hələ çimərlik mövsümü başlamayıb, amma artıq günəş vannası qəbul etmisiniz.
 
- Qaralmışam (gülür). Formula-1 səfiri kimi Marmarisə yolum düşmüşdü, qala gecədə Formula-1 oyunlarını təqdim edirdik. Həmin vaxt orada günəşdən faydalandım. Bakının da günəşindən faydalanıram. Etiraf edim ki, çoxdandır Bakıda günəş vannası qəbul etmirdim, qaralmırdım. Amma bu il şərait yarandı, tez qaralası oldum.  
 
- Sizi gözəllik salonlarında tez-tez görmək olar?
 
- Hər salonda yox. Bəlli salon var ki, oradakı ustalardan faydalanıram. Saçlarıma qulluq, edirəm, düzülüşü və səliqəsinə mütləq fikir verirəm, make-up-ı özüm edirəm. Sadəcə konsert, klip çəkilişləri olanda Anar Ağakişiyev, Fazilə Rəcəbova kimi make-up stilistlərin əl işlərindən faydalanıram.
 
- Kosmetoloqlara müraciət edirsiniz?
 
- Əlbəttə. Kosmetoloqlardan çox yaxşı faydalanıram. Getdiyim xüsusi estetik klinika var, onların dəriyə qulluq prosedurlarından faydalanıram. Orada çox yaxşı mütəxəssislər var.
 
- İndiyədək heç bir ciddi estetik əməliyyat etdirməmisiniz?
 
-  Bu vaxta qədər estetik müdaxilələrə qətiyyən müraciət etməmişəm. Bəlkə də yaşlı vaxtımda qırışlarım çox olar, onda mən də estetik əməliyyat etdirərəm. 1976-cı ildə doğulmuşam. 40 yaşım tamam olur. Hələlik şükür ki, ciddi estetik, plastik əməliyyat etdirməmişəm.
 
- Bir neçə il əvvəl arıqladınız və bu formanızı qoruyub saxlamağı bacarırsınız. Əsas da elə arıqlamaq yox, həmin çəkini qorumaqdır. Bunun öhdəsindən necə gəlirsiniz?
 
- Məndən bu barədə çox soruşurlar. Bunun bir başlanğıcı, bir də davamı var. Başlanğıc 3 il əvvəl sağlam qida məsləhətçisi Mələk Xəlilin köməyi ilə oldu. O, məni arıqlatdı, təyin etdiyi pəhriz sayəsində istədiyim çəkiyə çatdım. Əslində bunu bir həyat tərzinə çevirdim. Həmin vaxtdan çəkim dəyişmir. Əlbəttə ki, idmanla çəkimi qoruyub saxlayıram. İdman həyatımda mütləqdir. Artıq qəti qərarla o, mənim həyatımdadır. Çünki mənə çox fayda verir.