Azərbaycan əhalisi bu il 1% artsa da, boşanmaların sayı artıb
15:37 12-10-2012
CƏMİYYƏT
Azərbaycan əhalisi bu il 1% artsa da, boşanmaların sayı artıb
Səadət Bənənyarlı: “Ölkədə boşanmaların sayının artması həm də iqtisadi amillərlə bağlıdır”
Dövlət Statistika Komitəsinin dünən yayılmış rəsmi məlumatında bildirilir ki, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 91,7 min nəfər və ya 1% artaraq 2012-ci il oktyabrın 1-i vəziyyətinə 9 327 min nəfərə çatıb.
Əhalinin sıxlığı 1 kv. km-ə 108 nəfər olub. Əhalinin 49,6%-ni kişilər, 50,4%-ni qadınlar təşkil edib, 22%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1 000 kişiyə 1 015 qadın düşür.
Bu ilin 9 ayı ərzində 131,2 min və ya hər gün orta hesabla 479 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 19,3-dən 19,1-dək azalıb. Körpələrin 1 444-ü əkiz, 33-ü isə üçəm doğulub.
Bu il doğulan körpələr üçün 73,9 yaş, o cümlədən oğlanlar üçün 71,2 yaş, qızlar üçün 76,6 yaş ömür uzunluğu gözlənilir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 62,3 min nikah və 8,3 min boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatında deyilir.
Ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 9,3-dən 9,0-dək azalıb, boşanmaların sayı isə eyni səviyyədə (1,2) qalıb.
Bununla yanaşı Komitədən bildirilib ki, bu ilin 9 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1,6 min nəfər gəlib və 0,2 min nəfər ölkədən gedib.
Beynəlxalq İnsan Haqları Cəmiyyəti Milli Komitəsinin sədri Səadət Bənənyarlı ölkədə boşanmaların sayının artması ilə bağlı bildirdi ki, “Yeni ailə qurulan gündən bir müddət sonra şikayətlər, problemlər və sairə kimi xoşa gəlməz halların biruzə verdiyini eşidirik. Hansı ki, o problemlərin çoxu o qədər ciddi və əhəmiyyətli də deyil. Yəni evlilik sadəcə bir adətə çevrilib, yoxsa evdə qalmamaq üçün bir çıxış yoludur? Yoxsa valideynlərin yalnız nəvələrə sahib olma həvəsidirmi? Ailə üzvləri arasında doğmalıq və yaxınlıq hissləri sanki oyana bilmir. Aylarla, illərlə bir yerdə yaşamaqlarına baxmayaraq sanki yad insanlar kimi, yaxud da bir məktəbin şagirdləri kimi davranırlar. Necə də olsa təhsil bitəndən sonra hərə öz həyatı ilə davam edəcək.
Yeni evliliklər, yeni doğulan uşaqlar və boşanma halları haqqında statistikaları çox vaxt eşidirik və təxmini olaraq məlumatımız da var. Bilirik ki, boşanma halları yeni qurulan ailələrdən nisbətdə çoxdur və bu nisbət də getdikcə artmaqdadır. Qərb dünyası və qərb ölkələrindəki ailə və boşanma hallarını eşitdikdə öz halımıza şükr edirik. Ordakı əlaqələrin hansı yönə əyildiyi, nə vəziyyətə düşdüyü, gənclərin necə pozulduğu, yeni doğumların nə qədər azaldığından yaxşı xəbərimiz var. Amma bizdəki boşanma halları qərb aləmindən çox da az deyil. Məsələ də burasındadır ki, qərb ölkələrində ailə zəminində problemlər daha çoxdur və cəmiyyətdə olan qadın kişi əlaqələrində çox fəsadlar vardır. Bizim cəmiyyətdə isə o problemlərin bəlkə də heç yarısı yoxdur, bəs niyə boşanma hadisələri bu qədər çoxalır?
Təbii ki, ölkədə, ailə məsələləri ilə məşğul olan məsul şəxslər bütün vəziyyəti dərindən öyrənməli, lazımi şərtləri, qaydaları və həll yollarını müəyyənləşdirməlidirlər. Yeni ailənin qurulmasına lazım olan şərtlər, əsaslar, vaciblər, hüquqlar və sairə kimi amillər aydın olmalıdır. Valideynlik, yoldaşlıq, təlim-tərbiyə, ictimai məsuliyyət, mədəniyyət və sairə kimi önəmli məsələlərə çox önəm verilməli, gündəmə gətirilməli və gəncləri ciddi şəkildə bu məsələlər üzərindən marifləndirmək gərəkdir. Bu da bir əmanətdir. Bu əmanətə xəyanət isə təbii ki, sonunda cəmiyyətin zəifləməsinə və çöküşünə gətirib çıxarır.
Eyni zamanda boşanmanın hansı hallarda ola biləcəyi, son addım kimi düzgün atılması və necə həyata keçirilməsi məsələləri ilə də gənclərimiz dərindən tanış olmalıdır. Bütün evlənən gənclər qabaqcadan bilməlidirlər ki, boşanma nəticəsində ailəyə hansı ziyan dəyir, uşaqların tərbiyəsi necə bərbadlaşır, onların psixologiyası necə ağırlaşır, cəmiyyətin gələcəyi necə sınıq vəziyyətə düşür. Cəmiyyətdə elə sosial xəstəliklər yaranır ki, onu sonradan müalicə etmək imkansız dərəcəyə çatır”.
Səadət xanımın dediyinə görə, “Ölkədə boşanmaların sayının artması həm də iqtisadi amillərlə bağlıdır. Sirr deyil ki, ölkədə ailənin əldə etdiyi aylıq gəlir sürətlə və hiss edilmədən artan qiymətlərin müqabilində problemləri həll edə biləcək qədərdə deyil. Buna görə də ailələrdə cavan tez-tez maddi zəmində mübahisələr və konfliktlər meydana çıxır. Bu qarşıdurmalar dərinləşdikcə ailənin təməlləri də sarsılmağa başlayır”.
Natiq
Digər Xəbərlər
2024-12-23 12:08:00
2024-12-23 12:06:46
2024-12-23 12:04:25
2024-12-23 12:02:50
2024-12-23 11:48:54
2024-12-23 11:22:47
2024-12-23 11:21:07
2024-12-23 11:20:00
2024-12-23 11:13:56
2024-12-23 11:07:00
2024-12-23 10:49:13
2024-12-23 09:10:30
2024-12-23 09:08:00
2024-12-23 08:58:57
2024-12-23 08:53:37
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25