İsmət Abbasova sorğu şoku
15:38 12-10-2012
CƏMİYYƏT
İsmət Abbasova sorğu şoku
Nazirliyin saytı yarmarkaları ifşa etdi
Məlum olduğu kimi, kənd təsərrüfatı naziri İsmət Abbasov və onun nazirliyi son vaxtlar daha çox kənd təsərrüfatı yarmarkaları vasitəsilə özünü reklam etməklə məşğuldur. Bu yarmarkaların guya vətəndaşlara ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları təklif etdiyi və camaatın rəğbətini qazandığı barədə populist bəyanatların ardı-arası kəsilmir.
Məlumat üçün deyək ki, 2006-cı ilin iyul ayından Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhəri İcra Hakimiyyəti ilə birgə hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkasını keçirir. Nazirlikdə iddia edirlər ki, qiymətlər bazar qiymətlərindən orta hesabla 25-30% aşağı təşkil edir. Üstəlik, məhsulların keyfiyyəti yüksəkdir.
Əvvəla, qiymət məsələsində deyilənlər tamamilə manupilyasiyadan ibarətdir, əksər hallarda yarmarkalardakı qiymətlərlə bazar qiymətləri arasında heç bir fərq yoxdur. Hətta bir çox məqamlarda bazar qiymətləri yarmarka qiymətlərinin yanında toya getməli olur.
İkincisi, məhsul sahibləri bir çox hallarda məhsullarını yarmarkalara çıxarmaqda maraqlı olmurlar, bunu məcburiyyət və təzyiq qarşısında edirlər. Belədə isə onların bir çoxu maraqlı yol seçir: daha keyfiyyətli məhsullar bazar satıcılarına, topdansatışçılara satılır, yarmarkalara isə əsasən onlardan daha az keyfiyyətli məhsullar çıxarılır.
Bir sözlə, yarmarkaların uğursuzluğu barədə çox danışmaq olar, reallıq İsmət Abbasov və işçilərinin yarmarkalar barədə “odlu-alovlu” açıqlamalarının həqiqəti əks etdirmədiyini göstərir.
Elə vətəndaşların rəyləri də. Belə ki, dünən “Unikal”ın əməkdaşı Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında aqrar sektorun durumu ilə bağlı son rəsmi rəqəmlərin axtarışı zamanı ilginc durumla rastlaşıb. Nazirliyin rəsmi saytının aşağı bölümündə - sorğu yerində “Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının fəaliyyəti sizi qane edirmi” sualından ibarət sorğu açılıb.
Maraq üçün sorğunun nəticələrinə tıklayan əməkdaşımız maraqlı mənzərə ilə qarşılaşıb. Belə ki, “Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının fəaliyyəti sizi qane edirmi” sorğusunun dünən saat 17-yə olan nəticələri aşağıdakı kimi idi:
46.8% - Bəli, qane edir
40.1% - Xeyr, qane etmir
13.1% - Yarmarkalara getmirəm
Bunun özü yarmarkaların fiaskosu barədə danışmaq üçün yetərlidir: təsəvvür edin, respondentlərin nə az, nə çox, hardasa 54 faizi ya yarmarkalardakı durumdan narazıdır, ya da ümumiyyətlə onlara getməyə ehtiyac görmür.
Hər halda bunu da biz demirik. Bu, artıq İsmət Abbasovun nazirliyinin öz saytındakı sorğunun nəticələridir və yarmarkalar üzərindən qurulan reklam şousunun puçluğundan xəbər verir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-23 12:08:00
2024-12-23 12:06:46
2024-12-23 12:04:25
2024-12-23 12:02:50
2024-12-23 11:48:54
2024-12-23 11:22:47
2024-12-23 11:21:07
2024-12-23 11:20:00
2024-12-23 11:13:56
2024-12-23 11:07:00
2024-12-23 10:49:13
2024-12-23 09:10:30
2024-12-23 09:08:00
2024-12-23 08:58:57
2024-12-23 08:53:37
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25