Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Lüksemburqun "Jozi Bartel" stadionunda UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Düdelanj" futbol oyunu zamanı ermənilər tərəfindən edilən təxribatçı hərəkətləri pisləyir.

Unikal.org-un məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, son dövrlər Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan azərbaycanlılarla əlaqələrinin intensivləşməsi və əlaqələrin sağlam təməllər üzərində qurulması öz nəticəsini göstərməkdədir:

"Dövlət Komitəsi olaraq Azərbaycan Respublikasının müxtəlif komandalarının və ayrı-ayrı idmançılarımızın beynəlxalq yarışlarda iştirakı zamanı diaspor nümayəndələrindən ibarət böyük azarkeş qrupu onlara davamlı dəstək verir. Bunu idmançılarımız və idman ictimaiyyəti də daim yüksək qiymətləndirir. Müxtəlif beynəlxalq yarışlarda, o cümlədən son dövrlər Macarıstanın paytaxtı Budapeşt şəhərindəin Papp Laszlo İdman Arenasında qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi, Paralimpiyaçılarımızın iştirak etdiyi dünya kubokları, Qarabağ qazilərindən ibarət Azərbaycan Amputant Futbol komandasının Varşavada keçirilən “Amputa Futbol-2019” oyunları, Qazaxıstanın Nursultan şəhərində güləş üzrə dünya çempionatı, Rusiyanın Yekaterinburq şəhərində boks üzrə dünya çempionatı, Gürcüstanda əlil futbolçular arasında keçirilən yarışlarda və s. kimi tədbirlərdə Komitə xaricdə yaşayan soydaşlarımıza çağırışlar edib və soydaşlarımız kütləvi şəkildə azarkeş olaraq yarışlara qatılıb.

UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda da xaricdə yaşayan soydaşlarımızın iştirakının təmin olunması üçün Komitə lazımi addımları atıb. Nəticə olaraq Belçika, Niderland, Fransa, Almaniya, İsveçrə, Lüksemburq və digər Avropa ölkələrində yaşayan 350-dən çox soydaşımız stadionda “Qarabağa” azarkeşlik edib. Oyundan əvvəl və oyun zamanı davamlı şəkildə soydaşlarımızla əlaqə saxlanılıb.

Oyun zamanı təxribat törədilməsi- Azərbaycanın işğal altında olan ərazilərində qurulan separatçı rejimin əski parçasının meydanda görünməsi zamanı da azarkeşlərlə dərhal əlaqə yaradılıb, vəziyyət öyrənilib, onların faktla bağlı hərəkət və münasi¬bətləri koordinasiya edilib.

Diasporla İş üzrə Dövlət Komitəsi təkcə beynəlxalq yarışlar zamanı deyil, hər zaman xaricdə yaşayan soydaşlarımızı vahid amalımız olan Azərbaycan dövlətçiliyi naminə birləşməyə dəvət edib.
Dövlət Komitəsi bəyan edir ki, gələcəkdə də xaricdə yaşayan soydaşlarımızın idmançılarımıza azarkeş dəstəyi təmin ediləcəkdir. Eyni zamanda, beynəlxalq idman yarışları zamanı hər hansı təxribatın törədilməsi halları qəti yolverilməzdir və baş verən hadisənin məsuliyyəti təxribatçı qrupların, eləcə də onlara arxa duran qüvvələrin üzərindədir.
Avropa ölkələri bir daha şahid oldu ki, azərbaycanlılar Avropada təşkilatlanmış formada fəaliyyət göstərir və bu idman bayramına da kütləvi şəkildə qatılıblar. Ermənilər isə, harada yaşamağından asılı olmayaraq, öz erməni xislətindən əl çəkmir və istənilən radikal təxribatçı addımlar ata bilər.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq, soydaşlarımızı təxribatlar zamanı soyuqqanlı olmağa səsləyirik və inanırıq ki, bu təxribatçı hərəkətə hüquqi qiymət veriləcəkdir".