Bir neçə gün bundan qabaq Binəqədi rayonu ərazisində SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında insident baş verib. Qarabağ qaziləri baş vermiş insidenti siyasiləşdirməyə çalışan qüvvələrin cəhdlərinə qarşı çıxıblar.
Unikal.org xəbər verir ki, Qarabağ qaziləri deputat Çingiz Qənizadəyə müraciət edərək, onları siyasi məqsədləri üçün istifadə edənlərə qarşı tədbir keçirilməsini xahiş ediblər.
Tədbirin təşkilatçısı və aparıcı olan Çingiz Qənizadə bildirib ki, bu məsələ ilə bağlı qazilər ona müraciət ünvanlamaşdılar:
“Qazilərimizin müraciətini dinlədikdən sonra onları bir araya gətirmək qərarına gəldim. Hadisədə iştirak etmiş Qarabağ qaziləri, Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin sədri Mirhəsən Həsənov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və “Tərxis olunmuş Hərbiçilərin Gənclərin maarifləndirilməsi” İctimai Birliyinin sədri Emin Həsənli tədbirə dəvətlilər arasında idilər. Ümumilikdə tədbirdə 18 nəfər Qarabağ qazisi iştirak edirdi. Onlardan 15 nəfəri Binəqədidə baş vermiş insidentdə iştirak edənlər idi. Qazilər onları siyasi proseslərə çəkən qüvvələrə etirazlarını bildiriblər”.
Çingiz Qənizadənin sözlərinə görə, tədbirdə çıxış edən Qarabağ qaziləri deyib ki, məsələləri siyasiləşdirməyin qəti əleyhinədirlər:
“Cənab prezidentin diqqət və qayğısını hər zaman hiss etmişik. Cənab prezident tərəfindən bizə maşınlar, evlər, mənzillər verilib. Müəyyən siyasi qüvvələrin bizdən istifadə etmələrinə baxmayaraq, həmişə bundan imtina etmişik. Cənab prezidentin siyasi kursunu dəstəkləyirik. Onun yanındayıq və hər zaman da əsgəri olaraq qalacağıq”.