Oktyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzi”nin təntənəli açılış mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Xanti-Mansi Muxtar Dairəsinin Duma sədrinin müavini Aleksandr Salnikov, Yuqra Dövlət Universitetinin rektoru Tatyana Karminskaya, Rusiyadan start götürən “Neftin yolu” adlı mediaekspedisiyanın iştirakçıları, millət vəkilləri və digər ictimai şəxslər iştirak ediblər.
Öncə universitetdə yenicə yaradılmış “Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzi”nin önündə əfsanəvi azərbaycanlı geoloqun barelyefinin açılışı olub. ADNSU-ya Rusiya Federasiyasının Yuqra Dövlət Universiteti tərəfindən hədiyyə edilmiş barelyefin üzərindəki pərdə salındıqdan sonra “Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzi”nin açılışının rəmzi olan lent kəsilib. Qonaqlarla birlikdə mərkəzə baxış keçirildikdən sonra tədbir universitetin konfrans zalında davam edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək qanaqları salamlayıb və F.Salmanovun həyat yolu, fədakarlığı və onun neft kəşfiyyatı sahəsində xidmətləri haqqında tədbir iştirakçılarına məlumat verib. O Mərkəzin ADNSU-da yaradılmasını universitetdə yeni-yeni Fərman Salmanovların yetişməsinə ciddi təkan verəcəyini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə F.Salmanov haqqında danışarkən bildirib ki, F.Salmanov ömrü boyu axtarışda olan yaradıcı bir insan olub və bütün həyatını neftə həsr edib. O, Qərbi Sibirdə kəşf etdiyi neft quyuları sayəsində bəşəriyyətə verdiyi töhfə ilə hər iki dövlətin - Azərbaycan və Rusiyanın sevimli cəfakeşinə çevrilib.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə F.Salmanovun neft kəşfiyyatı ilə yanaşı, elmi fəaliyyətini də davam etdirdiyini və SSRİ Elmlər Akademiyasının akademiki seçilməsi kimi böyük nailiyyət qazandığını vurğulayıb.
Rusiya Federasiyasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Mixail Boçarnikov Rusiya üçün son dərəcə əhəmiyyətli olan Qərbi Sibirdə neft-qaz yataqlarını kəşf etmiş F.Salmanovun xatirəsinin rus xalqı tərəfindən hər zaman əziz tutulacağını deyib. Səfir əlavə edib ki, F.Salmanovun xidmətləri təkcə neft tapmaqla bitməyib, onun xidmətləri Rusiya ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığın inkişafına da öz təsirini göstərib.
Daha sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Rusiyanın Yuqra Dövlət Universitetinin rektoru Tatyana Karminskaya, Xanti-Mansi Muxtar Dairəsinin Duma sədrinin müavini Aleksandr Salnikov, SOCAR-ın Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitunun direktor müvini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov çıxış edərək F.Salmanovun Sibirdə neft sənayesinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb, onun haqqında xatirələrini bölüşüblər. Qeyd olunub ki, Rusiya və Azərbaycan dövlət başçılarının F.Salmanovun xatirəsinin əbədiləşməsinə ayırdıqları xüsusi diqqət, bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi çox sevindirici haldır və belə yüksək dəstək milyonlarla insanın sevincinə səbəb olub. Bu gün açılışı olan mərkəz F.Salmanov kimi mütəxəssislər yetişdirən Azİİ-də bu sahənin inkişafında, F.Salmanovun yolunun davam edirilməsində xüsusi rol oynayacaq.
Tədbir çərçivəsində ADNSU-nun rektoru, professor Mustafa Babanlı və SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə tərəfindən SOCAR ilə ADNSU arasında elm və təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Saziş çərçivəsində yaradılmış və görkəmli azərbaycanlı geoloq - Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzinin ən müasir proqram təminatı ilə təchiz olunaraq 1 noyabr 2019-cu il tarixindən tələbələrin ixtiyarına veriləcəyi vurğulanıb.
Daha sonra Prezident İlham Əliyevin görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında 09 iyul 2019 il tarixli Sərəncamına əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, ən yüksək göstəriciləri olan Qaz-neft mədən fakültəsinin (QNMF) 2 nəfər tələbəsinə - Babayeva Aytac Babab qızı və Qulubəyli Əmrah Pərviz oğluna “Fərman Salmanov adına təqaüd” təqdim olunub.