Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncamdan irəli gələrək artıq oktyabrın 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bir sıra tədbirlərə start verib.
Oktyabrın 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Kəlbəcər Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” devizi altında Gəncə şəhəri və Kəlbəcər rayonundan olan çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib. Oktyabrın 2-sində Biləsuvar və Ağstafadan olan çağırışçılar hərbi xidmətə təntənə ilə yola salınıblar.
Oktyabrın 3-də Cəlilabad, Yevlax, oktyabrın 4-də isə İmişli və Qazax rayonlarında çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimləri keçirilib.
Qeyd edək ki, təntənə ilə keçirilən yolasalma mərasimlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli strukturlarının şəxsi heyəti, rayonların icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, mədəniyyət və incəsənət adamları iştirak ediblər.
Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış davam edir.