Gülər Əhmədova işinin başına qayıtdı
12:08 17-10-2012
CƏMİYYƏT
Gülər Əhmədova işinin başına qayıtdı
Başı qalmaqallardan açılmayan sabiq millət vəkili rəhbəri olduğu “Mərkəz” qəzetində toplantı keçirib
İşçilərə tövsiyyə: “Heç nəyə fikir verməyin və işinizə davam edin”
Ölkə mətbuatını günlərdir ki, məşğul edən “Gülər Əhmədova mövzusu” ilə bağlı ən son xəbər ondan ibarətdir ki, haqqında cinayət işi açılmış sabiq deputat dünən heç kəsin gözləmədiyi halda rəhbəri olduğu “Mərkəz” qəzetinin ofisinə gələrək burada redaksiya heyəti ilə geniş toplantı keçirib. Bununla da neçə müddətdən bəri işə çıxmayan Gülər Əhmədova ictimai həyata yenidən qayıtmış oldu.
Əldə etdiyimiz məlumata görə, G.Əhmədovanın işə çıxacağından heç qəzetin kollektivinin belə xəbəri yox imiş və onun qəflətən redaksiyada görünməsi əməkdaşları bir anlıq şoka salıb. Gülər Əhmədova əvvəlcə öz kabinetində dar çərçivədə və yalnız qəzet rəhbərliyinə daxil olan şəxslərlə qısa müşavirə keçirib. Bunun ardınca isə qəzetin bütün işçilərinin iştirakıyla geniş iclas keçirən sabiq millət vəkili onlara önəmli tövsiyyələrini verib: “Baş verənlərə əhəmiyyət verməyin və hər kəs öz işiylə məşğul olsun” tapşırığını verdikdən sonra bir sıra məqamlara da aydınlıq gətirən Gülər Əhmədova son günlər “Mərkəz” qəzetinin bağlanacağı haqda gəzən söhbətləri də təkzib edərək, “istənilən halda qəzet dayanmayacaq” deyib.
Maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, Gülər Əhmədovanın rəhbəri olduğu “Mərkəz” qəzeti və Respublika Uşaq Təşkilatı Hökumət Evinin binasında yerləşir. Elə bu məqamı nəzərə alaraq iddia etmək olar ki, onun qəfildən işdə görünməsi həm də bəzi dairələrə “yıxılmadım, ayaqdayam” mesajı kimi dəyərləndirilə bilər. Onun özünü kifayət qədər sakit və təmkinli aparması da bu qənaəti möhkəmləndirir.
Qeyd edək ki, 34 saylı Xətai 2-ci seçki dairəsindən deputat seçilmiş G.Əhmədova məlum videoqalmaqalı ilə bağlı mandatdan imtina etməsi üçün Milli Məclisə müraciət etmişdi. MSK onun müraciətinə baxaraq deputatı mandatdan məhrum edib. Respublika Prokurorluğu videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb.
Natiq Rəhimov
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49