Pakistan İslam Respublikasının Federal Təhsil və Peşə Hazırlığı Nazirliyinin nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.
"Unikal" xəbər verir ki, qonaqları salamlayan BMU-nun rektoru Yaqub Piriyev Azərbaycan ilə Pakistan arasında formalaşmış qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaratdığına diqqət çəkib. Rektor BMU-nun fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıq strategiyası və akademik potensialı haqqında ətraflı məlumat verib.
Bildirib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə uyğun olaraq innovativ texnologiyalarla işləmək bacarığına malik, yeni sənaye inqilabının çağırışlarına cavab verən yüksəkixtisaslı kadrların hazırlanması universitetin prioritet istiqamətlərindəndir. Bu məqsədlə son illərdə informasiya texnologiyaları üzrə ixtisasların müasir dövrün tələblərinə uyğun tədrisinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, kompüter laboratoriyalarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib. Eyni zamanda, informasiya texnologiyaları universitetin əsas baza təhsil istiqamətlərindən birinə çevrilib və bu sahədə kadr hazırlığının daha səmərəli təşkili məqsədilə İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb. Bu il fəaliyyətinin 10 ili tamam olacaq BMU-nun QS reytinqlərində əldə etdiyi nailiyyətləri və ölkə üzrə öncül mövqeyini diqqətə çatdıran rektor universitetdə innovativ tədris metodlarının tətbiqi, elmi tədqiqatların inkişafı, beynəlxalq layihələrdə iştirak və tələbələrin qlobal akademik mühitə inteqrasiyası istiqamətində görülən işlərdən, Çin və Koreyanın aparıcı universitetləri ilə həyata keçirilən ikili diplom proqramlarından danışıb.
Yaqub Piriyev Pakistanın ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edərək tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və ikili diplom proqramları üzrə tərəfdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Hazırda BMU - da 40 ölkədən əcnəbi tələbənin təhsil aldığını və onların arasında pakistanlı tələbələrin say baxımından üstünlük təşkil etdiyini deyən rektor bunun Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib.
Daha sonra Pakistan İslam Respublikasının Federal Təhsil və Peşə Hazırlığı Nazirliyinin tabeliyindəki Təhsil Fondunun baş texniki direktoru Mazhar Amir və fondun katibi Murad Shuaib Khan çıxış edərək Fondun istedadlı və sosial həssas təbəqədən olan gənclərin təhsil imkanlarının genişləndirilməsi, onların işlə təminatı, təqaüd proqramlarının icrası və insan kapitalının inkişafına yönəlmiş fəaliyyəti barədə məlumat veriblər. Pakistan nümayəndə heyəti BMU-nun müasir tədris və elmi-tədqiqat infrastrukturu, beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi fəaliyyət, xüsusilə informasiya texnologiyaları üzrə yüksəkixtisaslı kadr hazırlığı sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndirib. Qonaqlar Pakistan universitetləri ilə BMU arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək gələcəkdə ortaq elmi layihələrin həyata keçirilməsi və akademik əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tərəflər elmi tədqiqat, tələbə mübadiləsi, süni intellekt, innovasiya və rəqəmsal transformasiya istiqamətlərində əməkdaşlıq perspektivlərini müzakirə edərək, bu sahələrdə qarşılıqlı fəaliyyətin hər iki ölkənin təhsil sisteminin inkişafına mühüm töhfə verəcəyini bildiriblər. Həmçinin, Pakistan universitetləri ilə əməkdaşlıq memorandumlarının imzalanması və BMU-da təhsil alan pakistanlı tələbələrin həyata keçiriləcək proqramlarda iştirakı məsələləri də nəzərdən keçirilib.
























.jpg)






















