Mərkəzi Bank valyuta ehtiyatlarının idarəedilməsi üzrə tətbiq etdiyi alətlərin diversifikasiyası və gəlirliliyin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində 23 iyul 2026-cı il tarixindən etibarən ilk dəfə olaraq qiymətli kağızların icarəyə verilməsi (securities lending) əməliyyatının tətbiqinə başlayıb.
Bu barədə "Unikal"a AMB-dən bildirilib. Qiymətli kağızların icarəyə verilməsi proqramı Mərkəzi Bankın uzunmüddətli tərəfdaşı və qlobal kastodian bankı olan Bank of Nyu York Mellon (BNYM) tərəfindən həyata keçiriləcəkdir.
Proqram çərçivəsində BNYM tərəfindən Mərkəzi Bankın portfelində olan 1 milyard ABŞ dollarınadək həcmdə borc qiymətli kağızlarının beynəlxalq maliyyə bazarlarında qısamüddətli əsasda icarəyə verilməsi nəzərdə tutulur. Qeyd olunan proqram Mərkəzi Bankın valyuta ehtiyatlarının təhlükəsizlik və likvidlik prinsipləri qorunmaqla əlavə gəlir əldə edilməsinə töhfə verəcəkdir.
Mərkəzi Bank beynəlxalq qabaqcıl təcrübəyə uyğun olaraq valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsinin təkmilləşdirilməsi və ehtiyatların səmərəli idarə olunması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir.























.jpg)























