Azərbaycanda rayon və şəhər İcra hakimiyyətlərinin fəaliyyətinə heç vaxt birmənalı yanaşılmayıb. Bu da ondan irəli gəlir ki, bəzi icra başçıları onlara etimad olunan vəzifədən sui-istifadə etməklə necə deyərlər, “qurunun oduna yaşı da yandırıblar”. Nəticədə də yaxşı işləyən icra başçıları pislərin fonunda itib-batıblar.

Məsələn, yerli icra hakimiyyəti başçılarının rəsmi vəzifə maaşları əhalinin sayına müvafiq olaraq 800 -1000 manat arasında dəyişdiyi halda onlardan kiminsə bahalı maşın kolleksiyasına malik olduğu, şəxsi mühafizəçilər saxladığı haqda təkzibedilməz xəbərlər yayılır. Ya da görürsən ki, sosial şəbəkədə hansısa icra başçısının övladının Avropanın ən bahalı otellərində lüks həyat tərzini əks etdirən fotoşəkilləri yayılır.

Bu cür halları az qala adiləşdirən bəzi icra başçıları yerlərdə əhalinin şikayət və təkliflərinə də biganə yanaşır, süründürməçiliyə yol verirlər. Nəticədə də vətəndaşlar yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldığından nicatı daha yuxarı dövlət orqanlarında, o cümlədən Prezident Administrasiyasına müraciət etməkdə axtarır.

Hesablama Palatası da tez-tez hansısa rayon İcra hakimiyyətində korrupsiya faktları açıqlayır və bu barədə məlumatı ictimailəşdirir.

Təcrübə, eləcə də əhalinin müraciətlərinin təhlili danılmaz bir həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyadan əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək, paytaxtdakı müxtəlif idarələrin qapısını döyməz.

Əlbəttə, biz yuxarıda sadalanan neqativ halları bütün rayon və şəhər İcra hakimiyyətlərinə aid etmirik. Yaxşı işləyən, yerlərdə əhalinin hörmət və ehtiramını qazanan icra başçıları da var.

Unikal.org xəbər verir ki, Modern.az saytının “Sizin icra başçınız” adlı bu rubrikasında bölgələrə rəhbərlik edən rəsmi şəxslərin fəaliyyətindən söz açılır. Rubrikamızda icra başçılarının işinə verilən qiyməti həmin regionun deputatı, jurnalisti, ziyalısı və müxalifət nümayəndəsinin fikirlərində görə biləcəyik. Baxaq görək, onlar  icra başçılarının fəaliyyəti barədə hansı qənaətdədirlər?

Rubrikamızın ilk təqdimatını Gədəbəy Rayon İcra Hakimiyyətinin icra başçısı İbrahim Mustafayevə həsr edirik.

Qeyd edək ki, İbrahim Mustafayev ölkə başçısının 28 avqust 2018-ci il tarixli sərəncamına əsasən, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Milli Məclisin Gədəbəydən olan deputatı Sevinc Hüseynova:

“Dövlət məmuru-vətəndaş münasibəti tarazlı şəkildə qurulub. İbrahim Mustafayevin əhalinin arasında olması, onların dərdi-sərini dinləməsi, vətəndaşlara dəstək verməsi göz önündədir. İnsanlar bunu rəğbətlə qarşılayır, başçının təşəbbüsünə dəktək verirlər və onun fəaliyyətini müsbət qiymətləndirirlər.”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gədəbəy təşkilat üzvü Ceyhun İsgəndərov:

“Mən hazırkı icra başçısından razıyam. Fəaliyyətini yüksək qiymətlənidirirəm. Düşünürəm ki, o, əhalinin problemlərinə biganə yanaşmır və onların həll üçün hansısa addımlar atır”.

Gədəbəyli ziyalı, Milli Qəhrəman Məzahir Rüstəmovun atası, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov:

“Mən yurdsevən insnam. Bu gün Gədəbəyin problemləri həll olursa, deməli mənim arzularım çin olur. Mən İbrahim bəy haqqında çox eşitmişdim, nəhayət bu il görüşə bildik. Mən onunla tanışlığıma çox məmnun oldum. İbrahim bəyin Gədəbəyi öz doğma rayonu hesab etməsinin şahidi oldum. O, çalışır ki, bu rayon abadlaşsın, əhalisi firəvan yaşasın. Gədəbəy təbiəti etibarilə çox unikal bölgədir. Gədəbəyin Sınıx adlanan hissəsi ermənilərlə həmsərhəddir. Əvvəllər ermənilərin ora tez-tez hücumları olurdu. İbrahim bəy bu məsələni həll edib və hazırda orda əsgərlər dayanır”.

İzzət Rüstəmov bildirib ki, Gədəbəydə bu il hərbi vətənpərvərlik ruhunda bir neçə gözəl tədbirlər keçirilib.

“Həmin tədbirin məqsədi hərbi vətənpərvərlik ruhunun gücləndirilməsinə yönəlmişdi. Mən Gədəbəyə gedəndə müşahidə etdim ki, mərkəzdən başlayaraq, bütün yollar təmir olunub. Məsələn, elə dağ yolu var idi ki, ora atla getmək mümkün olmurdu. İndi ora asfalt yol çəkilib. Mən hesab edirəm ki, İbrahim Mustafayev Gədəbəyə təyin olunmuş ən yaxşı icra başçılarından biridir”. 

Gədəbəyli iqtisadçı, sabiq deputat Nazim Bəydəmirli:

“Öncəliklə Gədəbəyin icra başçısına uğurlar arzulayıram. Fikirlərimi bildirmədən öncə qeyd edim ki, əlbəttə ki, İbrahim Mustafayevin fəaliyyətini Gədəbəydə yaşayan əhali daha yaxşı bilər. Amma kənardan müşahidə etdiyimiz ondan ibarətdir ki, hər halda tənqidlərdən nəticə çıxarıb. Bütün yeni icra başçılarında belə bir adət var ki, gələn kimi kadr dəyişikliyi edirlər. Eyni hal İbrahim bəy yeni təyin olunanda da baş verib. Hətta aldığım informasiyalara görə, məhz buna görə İcra Hakimiyyətinin binasında Cahangir adlı şəxs dünyasını dəyişib. Bu hadisədən sonra bir çox qalmaqallar da olu və icra başçısı bir az nəticə çıxarmağa başladı”.

Nazim Bəydəmirli bu il Gədəbəydə keçirilmiş “Yaylaq festivalı”ndan da söz açıb:

“Baxmayaraq ki, festivalı qeyri-hökümət təşkilatı təşkil edib, amma tədbirə bəzi  adamların dəvət olunmaması çox mənfi qarşılandı. Çünki Gədəbəyin ziyalları çoxdur. Bu mənada İbrahim Mustafayev bilməlidir ki, dağ rayonunda insanlar daha həssas olur. Mənim onu qiymətləndirməyim hələ ki tezdir. Ümid edirəm ki, fəaliyyəti korrupsiyanın yığışdırılmasına xidmət edəcək. Çox təəssüf edirəm ki, mənə çatan məlumatlara əsasən, ilk bir neçə ayda fəaliyyəti əhaliyə normal təəssürat bağışlasa da, neqativ hallar hələ də davam edir. Yenə altını çizərək deyirəm ki, bu təkcə onun deyil, əvvəlki icra başçılarının da günahıdır. Mən düşünürəm ki, əslən gədəbəyli şəxsin icra başçısı gətirilməsi daha məqbul olardı, nəinki kənardan gələn birinin. Bu baxımdan mən gədəbəylilərin gözüylə icra başçımıza hələlik yüksək qiymət verə bilmirəm. Hələ ki onun işini mənfi qiymətləndirirəm. Adətən regionların inkişafı Dövlət Proqramı çərçivəsində aparılır, lakin görülən bu və ya digər işləri icra başçılarımız öz adına çıxmağı sevirlər”.

Unikal.org saytının müxbiri Hüseyn İsgəndərov:

“İbrahim Mustafayevə qədər Gədəbəy Rayon İcra Hakimiyyəti haqqında şikayətlərin ardı-arası kəsilmirdi. Amma İbrahim Mustafayev Gədəbəyə icra başçısı təyin olunandan sonra rayonunun yığılıb qalmış əksər problemlərinin həllinə nail oldu. “Yaylaq festivalı” Gədəbəydə işsizliyin aradan qaldırılması üçün misilsiz bir iş oldu. Mən deyərdim ki, bütün gədəbəylilər onun təyinatından çox məmnundur və onu dəstəkləyirlər”.

Hüseyn İsgəndərov qeyd edib ki, əvvəlki icra başçısıyla sahibkarlar arasında ciddi münaqişələr yaranırdı:

“Əvvəlki icra başçısı sahibkarların obyektlərini dağıtdırırdı. Lakin İbrahim bəy gələndən sonra sanki onların üzünə Günəş doğdu. Bu da işsizliyin aradan qaldırılması baxımından rayon camaatı üçün münbit bir şərait yarandığını göstərdi. Şəhid ailələri, Qarabağ veteranları, qaziləri tez-tez qəbul edir və onların problemlərinin həlli istiqamətində mühüm işlər görür”.