Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros ilə görüşüb. 

Unikal.org xəbər verir ki, təhsil ocağının rəhbəri diplomatı universitetdə görməkdən məmnun olduğunu bildirib və Azərbaycandakı fəaliyyətində ona uğurlar arzulayıb. Rektor Fransa-Azərbaycan arasındakı münasibətlərin bundan sonra da daim yaxşı məcrada inkişaf edəcəyinə ümidvar olduğunu deyib. 70 ildir fəaliyyət göstərən universitetin əsas məqsədinin fransız, ingilis və alman dili tədris edən müəllimlər hazırlanılması olduğunu deyən akademik, sonrakı illərdə siyahıya son dərəcə vacib olan dillərin də əlavə olunduğunu diqqətə çatdırıb. Kamal Abdulla 20-yə yaxın dilin tədris olunduğu universitetdə fransız dilinin əsas dillərdən biri olduğunu söyləyib. 4 fakültənin, 3 kafedranın fransız dilinin tədrisi ilə məşğul olduğunu deyən rektor hazırda fransız dili üzrə 430 tələbənin təhsil aldığını, 50 müəllimin tədrisi həyata keçirdiyini qeyd edib.

Kamal Abdulla rəhbərlik etdiyi universitetlə Fransanın qabaqcıl təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Universitet rəhbəri həyata keçirilən “Səfir saatı” klubunun fəaliyyəti ilə diplomatı tanış edib və onu həmin klubda tələbələrlə görüşüb müzakirələr aparmağa dəvət edib.

Səfir cənab Zakari Qros səmimi qəbula görə minnətdarlığını bildirib. O, ölkədəki fəaliyyətinin ilk günlərində səfirlik əməkdaşları ilə tanışlığı zamanı onların əksəriyyətinin məhz ADU-nun məzunu olduğunu müşahidə etdiyini bildirib. Bu səbəbdən birinci səfərini ADU-dan başlayan səfir universitetin strukturu və səmərəli xidmətləri ilə tanış olduğunu qeyd edib. İki ölkə arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Z.Qros Azərbaycan Respublikası Təhsil Nazirliyinin gənclərə böyük sərmayə qoyduğunun şahidi olduğunu dilə gətirib. Səfir Azərbaycan və Fransa, həmçinin universitetlər arasındakı əlaqələrin möhkəmlənməsi üçün çoxsaylı işlərin görüləcəyinə əminliyini ifadə edib. 

Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması haqqında məsələlər, tələbə-müəllim mübadiləsi müzakirə olunub.