Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində ikigünlük 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” işə başlayıb.
Unikal.org xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Avropa Birliyinin təşkilatçılığı, “PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startapçılar iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanda elektron ticarətin inkişafı üçün müvafiq mühitin mövcud olduğunu, tələbələrdən tutmuş, pensiyaçılara qədər hər kəsin bir və ya bir neçə bank kartının olduğunu qeyd edib.
“İnternet bankçılıq inkişaf edir, logistika sahəsində bir çox dövlət və özəl şirkətlər fəaliyyət göstərir. Bunun nəticəsi olaraq elektron ticarət çoxlu sayda saytlar və platformalar vasitəsilə ölkədə müxtəlif məhsul və xidmətləri təklif edir.
Turizm xidmətləri, bilet və hotel sifarişləri, informasiya texnologiyaları, geyim, qida məhsullarının elektron ticarət vasitəsilə satışında irəliləyişlər qeydə alınır. Ümumilikdə, ölkəmizdə elektron ticarətin inkişaf dinamikası yüksək olsa da, internet istifadəçilərimiz əsasən tanınmış xarici elektron ticarət platformalarından sifarişlər edirlər. Məqsədimiz daha çox daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir”, – deyə nazir bildirib.
Ramin Quluzadə çıxışında deyib ki, müasir və əlçatan internet infrastrukturu, inkişaf etmiş logistika və elektron ödəmə sistemləri, optimal vergi və gömrük tənzimlənməsi, dəqiq statistika, elektron biliklər və maarifləndirmə elektron ticarətin inkişafının əsasını təşkil edir. “Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın innovativ inkişafı sürətlə gedir. Təsdiq olunmuş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri uğurla icra olunmaqdadır. Bu isə öz növbəsində bütün sahələrdə olduğu kimi, elektron ticarətin inkişafı üçün əlverişli mühit yaradır. Ölkəmizdə elektron ticarətin son 2-3 ildə inkişaf dinamikası buna əyani sübutdur”.
Elektron ticarətin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edən nazir Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” ölkələrində “Rəqəmsal Bazarların Uyğunlaşdırılması” təşəbbüsü çərçivəsində elektron ticarətin inkişafı ilə bağlı elektron imzanın qarşılıqlı tanınması üçün qanunvericiliyin inkişaf etdirilməsi, transsərhəd məlumat mübadiləsi, kibertəhlükəsizlik və s. istiqamətlərdə əməkdaşlığın genişləndirildiyini vurğulayıb. “Bu gün Bakı Elektron Ticarət Forumunun tərəfdaşları sırasında Avropa İttifaqının təsisatlarının olması da bu əməkdaşlığın sübutudur”, – deyə nazir bildirib.
Ölkəmizdə artıq ikinci dəfədir keçirilən tədbir elektron ticarət sahəsinin son trendləri və müsbət tendensiyaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
Forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya təşkil edilib. “Hökumət və hökumətlərarası yanaşmada elektron ticarətin tənzimləmə siyasəti” adlı sessiyada milli strategiyalar, elektron ticarətin asanlaşdırılması, elektron idarəetmənin təsiri və beynəlxalq əməkdaşlıq müzakirə olunub. “Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər” sessiyası kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robototexnika və blokçeyn mövzularını əhatə edib. Saxtakarlıqdan qorunma, kriptovalyuta, bank köçürmələri, elektron cüzdan məsələləri isə “Onlayn ödəmə sistemləri və rəqəmsal həllər” sessiyasının müzakirə mövzuları olub. “Ağıllı sərhədlər: ticarət, turizm və logistika üçün imkanlar” sessiyasında logistika və ticarət siyasəti, rəqəmsal nəqliyyat dəhlizləri, gömrük məsələləri üzrə təcrübə mübadiləsi aparılıb.
Forumun ikinci günündə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların qorunması, marketinq davranışı və tendensiyaları üzrə təlimlər təşkil olunacaq.