Oktyabrın 27-də Batumidə komandalararası Avropa çempionatının dördüncü turunun oyunlarına start verilir.
Unikal.org xəbər verir ki, kişilərdən ibarət komandamız Çexiya, qadın yığmamız Rumıniya şahmatçıları ilə üz-üzə gələcəklər.
Təmsilçilərimiz Şəhriyar Məmmədyarov David Navara, Rauf Məmmədov Jiri Stocek, Qədir Hüseynov Peter Miçalik, Arkadi Naydiç Viktor Laznicka ilə mübarizə aparacaqlar. Qadın şahmatçılarımız Xanım Balacayeva Korina-İzabela Peptan, Günay Məmmədzadə İrina Bulmaga, Ülviyyə Fətəliyeva Elena-Luminita Kosma, Türkan Məmmədyarova Miruna-Daria Lehaci ilə güclərini sınayacaqlar.
Qeyd edək ki, kişilərdən ibarət komandamız birinci turda Serbiya (3,5:0,5), ikinci turda Fransa komandalarını (2,5:1,5) məğlub etsə də, III turda Ukrayna yığmasına (1,5:2,5) uduzub. Qadın yığmamız isə birinci turda Latviya şahmatçılarını (4:0), III turda Avstriya yığmasını (3,5:0,5) məğlub edib. İkinci turda İspaniya yığmasına (0,5:3,5) uduzub.
Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə üç dəfə Avropa çempionu olub.