“Voleybola maraq Bakıda daha böyükdür”
01:03 19-10-2012
CƏMİYYƏT
“Voleybola maraq Bakıda daha böyükdür”
“Azərbaycanda idmana çox böyük diqqət və qayğı göstərilir”
Azərbaycan Voleybol Federasiyasının prezidenti, nəqliyyat naziri Ziya Məmmədov jurnalistlər üçün brifinq keçirib.
Z.Məmmədov açılış mərasimində iştirak etdiyi “Azəryol” İdman Kompleksi barədə danışıb:
- Bugünkü tədbir Azərbaycanda idmana çox böyük diqqət və qayğı göstərilir. İlbəil bu qayğı artır, belə tədbirlərin coğrafiyası genişlənir. Ölkəmizin hər yerində olimpiya kompleksləri, idman mərkəzləri istifadəyə verilir. Biz də prezident İlham Əliyevin tapşırıqlarını, tövsiyələrini əldə rəhbər tutaraq, bu cür layihələri icra edirik. Son illər voleybol ölkəmizdə daha sürətlə inkişaf etməkdədir. Maddi-texniki bazaların yaranması, əslində, voleybolçularımızın idmanla məşğul olmaları üçün şəraitinin yaxşılaşdırılması baxımından bir stimul yaradır. Belə bazaların yaranması voleybolun xoş gələcəyindən xəbər verir. Burada təkcə klubun oyunlarının deyil, bütövlükdə voleybol və digər növlər üzrə yarışlarının keçirilməsi üçün hər cür şərait var. Eyni zamanda, otel kompleksi, yeməkxanalar, iş otaqları, 2000 nəfər tamaşaçı tutumuna malik zalı mövcuddur. Bir sözlə, gözəl şərait yaradılıb.
- Azərbaycan yığmasındakı vəziyyəti necə dəyərləndirirsiniz?
- Biz yığma komandamızla da ciddi məşğuluq. Millidə islahatlar aparılır, yeni oyunçular cəlb etmək niyyətindəyik. Məşqçilər heyəti, Gənclər və İdman Nazirliyi ilə müəyyən məsləhətləşmələr aparırıq ki, klublarda yetişən voleybolçular sayəsində yığmamızı daha güclü edək, dünyada reytinqini yüksəldək.
- Azərbaycan çempionatında çıxış edən 7 komandanın hamısı Bakını təmsil edir. Bölgələrdə voleybol komandalarının fəaliyyət göstərməməsinin səbəbi nədir?
- Açığı, yeniyetmələrdən ibarət yığma komandamızın üzvlərindən əksəriyyəti bölgələrdən yığılıb. Biz bölgə klubları yaratmağı praktikadan keçirdik. Amma o qədər də yüksək səmərə ala bilmədik. İnsanların əksəriyyəti paytaxtda cəmləşdiyindən, voleybola maraq Bakıda daha böyükdür. Amma Azərbaycanın hər yerindən bura yeniyetmələr cəlb etmişik, voleybolçular yetişirlər. Məsələn, yığmamızda çıxış edən Natəvan Qasımova Naxçıvandandır. Yəni, bir növ klubları mərkəzdə yaratsaq da, bölgə amilini nəzərə almışıq. Kim müraciət etsə, cəlb edirik. Eyni zamanda menecerlərimiz fiziki, istedadlı, uca boylu idmançılar axtararaq, seçimlərini edirlər.
- Hazırda Azərbaycan çempionatında legioner limiti yoxdur. Bu da yerli voleybolçuların inkişafına mənfi təsir göstərir. Sizcə, əcnəbi voleybolçulara limit tətbiq etməyin vaxtı deyil?
- Dünyanın hər yerində müxtəlif klublar və ölkələrdən transferlər olur. Ona görə də legioner limitinin tətbiqi barədə konkret fikir söyləyə bilmərəm. Gərək zaman özü bunu yetişdirsin. Limit o vaxt tətbiq oluna bilər ki, ölkə daxilində vətəndaşlarımız müxtəlif idman növləri ilə məşğul olaraq, dünya tələblərinə cavab verə bilsinlər. Ona görə də bir az da gözləmək lazımdır.
- Bəs kişi voleybolundakı durğunluğu nə ilə izah edərdiniz?
- Elə bununla da bağlı müəyyən işlər aparmışıq, xərclər çəkmişik. Amma görürük ki, legionerlər gətirilməsə, kişi voleybolunda da inkişaf olmayacaq. Hazırda də bu istiqamətdə işlər gedir.
Fuad
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17