9 noyabr - Bayraq günü münasibəti ilə Gənclər və idman nazirliyi 1 noyabr tarixindən başlayaraq ölkə gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyalara start verir.
Unikal.org xəbər verir ki, ilk aksiya 1-3 noyabr tarixlərində Gənclər və İdman Nazirliyinin tabeliyində olan 34 Olimpiya İdman Komplekslərində keçiriləcək. Gəncləri idmana cəlb etmək, hər kəs üçün OİK-ləri əlçatan etmək, buradakı idman meydançaları, avadanlıqlar və imkanlardan gənclərin geniş şəkildə yararlanmasını təmin etmək məqsədi ilə açıq qapı günləri təşkil olunacaq.
Yeni nəsil öz sağlamlığına daha böyük diqqət göstərir. Onlar asudə vaxtlarını bədən tərbiyəsi, fitnes, yoqa, rəqslərin öyrənilməsinə sərf etməkdə maraqlıdır. Gənclər fiziki sağlamlığı “məsuliyyətli vətəndaşlıq – uğurlu dövlət” birliyinin vacib hissəsi kimi dəyərləndirir.
Rayonlarda gənclərin bu aksiyada iştiraka dəvəti rayon gənclər və idman idarələri, sosial şəbəkələr, könüllülər vasitəsi ilə aparılır.
Aksiya çərçivəsində futbol, voleybol, güləşin müxtəlif növləri, yüngül atletika, tennis, badminton, şahmat və s. yarışlar və əyləncəli idman oyunları təşkil ediləcək. Bu yarışlar OİK-də işləyən məşqçilər tərəfindən idarə olunacaq. Eyni zamanda hər rayonda müxtəlif idman növləri üzrə Avropa və Dünya Çempionları və mükafatçıları, beynəlxalq dərəcəli hakim və idmançıların iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar, yarışlar keçiriləcək.
Bütün gəncləri bu fürsətdən istifadə etməyə dəvət edirik.
Başlayın və qoy iradəniz qalib gəlsin!
Aksiyaya qoşulmaq üçün yaşadığınız rayon/şəhərin Gənclər və İdman İdarəsinə müraciət edin.