Batumidə komandalar arasında Avropa çempionatında qadın şahmatçılarımız böyük uğura imza ataraq bürünc medal qazanıblar.
Unikal.org xəbər verir ki, son turda Ermənistan yığması ilə mübarizə aparan şahmatçılarımız Günay Məmmədzadə Lilit Mkrtçyanı məğlub edib. Ülviyyə Fətəliyeva Mariya Gevorqyan, Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər.
Beləliklə, görüş Azərbaycan millisinin 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra (1992-ci ildə Avropa çempionatında bürünc medal) qitə çempionatında üçüncü yerə layiq görülüb.
Kişilərdən ibarət komandamızın sonuncu turda Sloveniya yığması ilə qarşılaşması 3:1 hesablı qələbə ilə başa çatıb. Yekun nəticəyə görə kişi şahmatçılarımız 11 xalla hazırda 5-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, Azərbaycan şahmatında son aylar böyük uğurlar əldə edilib. Qrossmeysterimiz Teymur Rəcəbov dünya kubokunun sahibi olub. On dörd yaşlılar arasında təmsilçimiz Aydın Süleymanlı dünya çempionu titulunu qazanıb.
Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.