Məleykə Abbaszadə təhsilimizdəki "dərslik düyünü"nü aça biləcəkmi?
14:18 20-10-2012
CƏMİYYƏT
Məleykə Abbaszadə təhsilimizdəki "dərslik düyünü"nü aça biləcəkmi?
Ehtimal var ki, Mərdanovun işçiləri dərsliklərin monitorinqinə pəl vursunlar
Xəbər verildiyi kimi, ölkə başçısının fərmanı ilə bu ildən ümumtəhsil məktəbləri dərsliklərinin monitorinqinin aparılması qərarlaşdırılıb və bu iş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə edilib. Hətta bununla bağlı TQDK-da xüsusi şöbə də yaradılıb.
Amma ekspertlər adıçəkilən qurumun da dərsliklərlə bağlı yaranmış anormal durumu dəyişə biləcəyindən əmin deyillər. Mütəxəssislər arasında belə fikir dolaşmaqdadır ki, dərsliklərin monitorinqinin TQDK tərəfindən aparılması da heç nəyi dəyişməyəcək...
Belə düşünənlər nə qədər haqlıdır? TQDK təhsilimizdəki "dərslik düyünü"nü aça biləcəkmi?
Bu və digər suallarla bağlı "Unikal"a danışan tanınmış təhsil eksperti Əlövsət Osmanlı da xatırladır ki, bu fikir yeni deyil, məlum fərman elan edilən vaxtdan dövriyyədədir: "Belə hesab edirəm ki, onu səsləndirən şəxslər boşuna danışmırlar. Bunun üçün onların əllərində tutarlı əsaslar var. Bildiyiniz kimi, mövcud qaydalara görə ibtidai sinif dərslikləri dörd ildən bir, yuxarı sinif dərslikləri isə beş ildən bir 105 faiz həcmində çap olunur. Məsələn, bu il I və V sinif dərslikləri çap olundu. Deməli, onlar bir də 2016, 2017-ci illərdə çap olunacaq. Əgər TQDK bu il onlarda ciddi qüsurlar aşkar edərsə, nə baş verəcək? Dərsliklərdə düzəliş aparmaq mümkün olmayacaq. Deməli, 2016, 2017-ci illəri gözləmək lazım gələcək. Həmin vaxtsa yeni dərsliklərin hazırlanması və çapı üzrə müsabiqə-tender elan olunacaq. Çox ehtimal ki, onda da başqa dərsliklər qalib gələcək. Deyin görüm, belə olan təqdirdə TQDK-nın işinin faydası nədən ibarət olacaq? Bunun xeyri ancaq və ancaq o zaman ola bilər ki, dərsliklər hər il tam tirajla çap edilsin..."
Ola bilər, TQDK monitorinqin nəticələrini çap edib kitabçalar şəklində məktəblərə göndərəcək, müəllimlər də qüsurlardan hali olduqdan sonra tədris prosesində korrektələr edəcəklər... Bu mümkündürmü? Ekspert deyir ki, burada söhbət 8 min tirajı olan müəllim vəsaitindən yox, şagirdlər üçün nəzərdə tutulan 130 min dərslikdən gedir: "Yeni təhsil konsepsiyasına görə şagirdlər standartlarda təsbit olunmuş bilik və bacarıqları dərsliklərdən müstəqil şəkildə çıxarıb mənimsəməlidirlər. Müəllimsə tədris prosesində yalnız rəhbər - yol göstərən qismində çıxış etməlidir. İndi siz deyin: Müəllimin dərslikdəki qüsurları bilməsi nəyi həll edir? O hər dəfə gəlib kitabdakı səhvlərdən danışmalı, yaxud bu səhvləri şagirdlərlə birgə islah etməklə məşğul olmalıdır? Onda tədris prosesinin keyfiyyəti nə olacaq? Şagirdlərin dərsliyə qarşı hörməti itməyəcəkmi? Onlar vaxtilə hamımızın müqəddəs hesab etdiyimiz bu kitablara qarşı inamsız olmayacaqlarmı?!"
Bəs bizdə dərslik məsələsi nə vaxt həll olunacaq? Bəyəm bunu həll etməyin ideal yolunu tapmaq mümkün deyil?! Əlövsət Osmanlının sözlərinə görə, dərsliklərin yaradılması, seçimi, nəşri və paylanması sahəsində hamıya bəlli olan qanunsuzluqlardan, özbaşınalıqlardan və əyintilərdən qaynaqlanır: " O ki qaldı ideal yola, bu, əlbəttə mümkündür. Biz təzədən velosiped icad edəsi deyilik ki?! Bunun üçün Təhsil Nazirliyi inkişaf etmiş qərb ölkələrində olduğu kimi, əlini dərslik işindən tamamilə çəkməlidir. O yalnız standartları müəyyən etməli, dərslik məsələsilə isə nəşriyyatlar və müəlliflər məşğul olmalıdırlar. Təhsil proqramlarına uyğun dərslikləri onlar hazırlayıb bazara çıxarmalıdırlar. Bu halda rəqabət yaranacaq, başlıcası isə seçimi, Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) kimi, Təhsil Nazirliyinin ağzına baxan əldəqayırma qurum yox, tədris prosesinin əsas iştirakçıları - müəllimlər, metodistlər, şagirdlər, eləcə də sifarişçi tərəf - valideynlər aparacaq. Nəşriyyatlararası, müəlliflərarası rəqabətdən və alternativlikdən keyfiyyət doğacaq. Bəs indi vəziyyət necədir?! Nazirlik məmurları yüz cür fənd-fəsadla bir dərslik çap edib şagirdə verirlər və deyirlər: Sən ancaq bu dərsliyi oxumalısan, onu biz seçmişik, çünki biz hamıdan ağıllıyıq! Siz indiyədək Azərbaycan məktəblərində alternativ dərsliyə rast gəlmisinizmi? Alternativlik, rəqabət olmayan yerdə hansı inkişafdan, hansı keyfiyyətdən danışmaq olar?! Müəllimlərimizi, balalarımızı dərslik seçimindən məhrum etməkdə məqsəd nədir? Onların almandan, ingilisdən, estondan, gürcüdən nəyi əskikdir?"
Bəs mövcud reallıqda necə hərəkət etmək olar? TQDK-nın yeni şöbəsi bu işə pozitiv yöndən təkan verə bilərmi? Ekspert deyir ki, həmin şöbənin nə əsasnaməsini oxuyub, nə də ki, dərsliklərin monitorinqinin hansı meyarlar əsasında aparılacağını bilir: "Eşitdiyimə görə bu şöbə məktəblərə, müəllimlərə məktub göndərib dərsliklərdəki səhvlər barədə onlara məlumat vermələrini xahiş ediblər. Əgər bu informasiya düzgündürsə, çox təəssüf edirəm. Çünki Təhsil Nazirliyi məmurlarının bu işə pəl vuracağına əminəm. Onlar heç vaxt müəllimlərə icazə verməzlər ki, özlərinin təsdiq etdikləri dərsliklərdə səhv tapıb onu TQDK-ya bildirsinlər. Uzaqbaşı "otpiskaya" icazə verərlər. Belə çıxır ki, ip dönüb-dolanıb yenə nazirlik məmurlarının doğanağından keçəcək, həm də qatar gedəndən sonra... Mənim şəxsi qənaətimə görə, əgər bu işdə doğrudan da bir dönüş yaratmaq istəyirlərsə, ildə bir dəfə toplaşıb 5-6 günə 30-35 dərslik və metodik vəsaitin "taleyini həll edən" DQŞ-nin funksiyaları alınıb daimi fəaliyyətdə olan bu şöbəyə verilməlidir. Monitorinqsə dərsliklər çap olunduqdan sonra yox, əvvəlcə aparılmalıdır. Qoy Təhsil Nazirliyi müsabiqə-tenderi yox, tenderi və sonrakı prosedurları həyata keçirsin. Belə olan halda nazirlik də maraqlı olacaq ki, TQDK-nın təklif etdiyi dərslikdəki səhvləri üzə çıxarsın. Bunun üçün də şöbə hər bir fənni, xüsusən də onun kurikulumunun fəlsəfəsini yaxşı bilən mütəxəssislər tapıb onlarla işləməlidir. Mütəxəssisləri seçməkdən ötrü hətta hansı formadasa müsabiqə də keçirmək olar. Bu insanlara gördükləri işin müqabilində yaxşı qonorar verilməlidir ki, onlar təsir altına düşməsinlər..."
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04