Mətbuat Şurasının icraçı katibi, “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcova məktub ünvanlayıb.
Unikal.org xəbər verir ki, məktubda deyilir:
"Çox hörmətli Zakir müəllim!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 fevral 2019-cu il sərəncamı ilə Sumqayıtın şəhər statusu almasının 70 illiyinin təntənəli və böyük ruh yüksəkliyi ilə qeyd olunması məqsədilə icraya yönələn tədbirlər planı artıq yekun mərhələsindədir. Sumqayıtın bu illər ərzində müasir sənaye şəhərinə, Azərbaycanın isə sənaye mərkəzinə çevrilməsi dahi Heydər Əliyevin həmişəyaşar xidmətləri sayəsində başa gəlmişdir. Bu mənada istər Kommunist Partiyası dövründə, istərsə də 1991-ci il müstəqil, demokratik Azərbaycan tarixində Sumqayıt şəhərinin əlamətdar səlnaməsi böyük Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin neft və kimya sənayesinin uğurla inkişafı üçün məhz Heydər Əliyevin uzaqgörən siyasi qayğısı və diqqəti sayəsində geniş imkanlar açılmışdır. Bu gün, Sumqayıt şəhərinin iqtisadi strukturuna daxil olan neft-kimya, qara və əlvan metallurgiya, elektroenergetika, yüngül sənaye sahələri müasir texniki qurğularla təchiz edilmiş, şəhər əhalisinin sosial rifahı və layiqli həyat səviyyəsi İlham Əliyev tərəfindən “Dövlətin Ali Məqsədi” kimi təmin edilir. Hər gün yeniləşən Sumqayıt beynəlxalq aləmin də diqqətini özünə cəlb edir,gərgin əməyiniz, yüksək təşkilatçılıq qabiliyyəti və bacarığınızla ərsəyə gələn dənizkənarı park, şəhərin qumlu sahilini ləpələri ilə oxşayan Xəzər şəhər əhalisinin və qonaqların ovqatına məlhəm çiləyir.
Çox hörmətli Zakir müəllim!
Biz, ailədə 6 qardaşıq. Hər birimiz Sizi yaxşı tanıyır, Sizə hüsn rəğbətimiz, hörmət və ehtiramımız var. Ömrünün gənclik illərindən son gününədək Sumqayıtda yaşayan Respublika Yazıçılar və SSRİ Jurnalistlər İttifaqının üzvləri mərhum şair Zülfüqar Əliyevin (Qodmanlı) demək olar ki, bütün poetik yaradıcılığı Sumqayıtla bağlı olmuşdur. Digər qardaşım tanınmış jurnalist, yazıçı-publisist Ağaddin Mansurzadənin,şair Nurəddin Mənsurun (Əliyev), şair Fəxrəddin Ziyanın (Əliyev) və mənim də bir hüquqşünas-publisist kimi həyatımızın qaynar vaxtı Sumqayıtla bağlı olmuş, hər bi-rimizin ilk iş yeri də kimya sənayesinin zəhərli sexlərində adi fəhləlikdən başlamış, sonradan,müasir anlamda ifadə etsəm dövlət qulluğunda çalışmışıq. Mənsur oğulları ailəsinin 5 nəfəri Respublika Yazıçılar Birliyinin üzvləridirlər. Çağdaş Azərbaycan ədəbiyyatının inkişafında ikinci belə ailə yoxdur.
Qeyd olunanları nəcib diqqətinizə çatdırmaqla təkrar da olsa, vurğulamaq istəyirəm ki, biz, qardaşlar həmişə və bu gün də günbəgün böyüyən, abadlaşan, dəyişən və gözəlləşən Sumqayıtın qoynunda olmağa tələsmişik. Mən, Qarabağ müharibəsinin iştirakçısı – komandiri olmuşam. Zarıslı-Turş-su- Laçın, Qubadlı və Zəngilan ətrafında gedən döyüşlərin iştirakçısıyam.
Oğlum leytenant Səbuhi Əliyev dövlət sərhədinin mühafizəsi ilə bağlı xidməti vəzifəsini icra edərkən həlak olmuş Sərhəd Xidmətinin şəhid zabitləri sırasında yer alır. Hazırda Azərbaycan Mətbuat Şurasının icraçı katibi və DİN-nin istefada olan yüksək rütbəli zabiti kimi həm də “Polisə Dəstək” İctimai Birliyinin sədri vəzifələrində çalışıram.
Çox istərdim ki, Sumqayıtın 70 illik təntənəli yubileyində iştirak edim. Öncədən Sizə, Sumqayıtlılara və Sumqayıt sevərlərə sabitlik, yüksək və layiqli həyat səviyyəsi arzulayıram.
Tanrı millətimizi və türkü qorusun! Amin!".