Bu gün Nərimanov rayonunun orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərindən 40 şagird “Ölkəmizi tanıyaq” 12-ci maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqamətində yola salınıblar.
Unikal.org xəbər verir ki, yolasalma mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, İcra Hakimiyyətinin rəhbərliyi, müəllimlər, valideynlər, məktəblilər iştirak ediblər.
Tədbirdə çıxış edən Abdin Fərzəliyev bu tur-aksiyanın məktəblilərin dünyagörüşünün zənginləşməsində önəmini vurğulayıb: ““Ölkəmizi tanıyaq” tur-aksiyası bir neçə ildir uğurla həyata keçirilir. Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsində xüsusi əhəmiyyət daşıyır. Bu, dövlətimizin məktəblilərə göstərdiyi diqqət və qayğının təzahürüdür. Səfər çərçivəsində məktəblilər rayonlarımızın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, qədim abidələri ilə tanış olacaq, geniş məlumat əldə edəcəklər”.
A.Fərzəliyev məktəblilərin tur çərçivəsində Nərimanov rayonunu layiqincə təmsil edəcəyinə, təşkil olunacaq yarışlarda uğurlar qazanacaqlarına əminliyini ifadə edib.
Sonra məktəblilər Gəncə-Şəmkir-Göygöl istiqamətində yola düşüblər.