Ölüm Haqdandırsa...
14:21 20-10-2012
CƏMİYYƏT
Ölüm Haqdandırsa...
Və yaxud ölümü seçə bilərikmi?
Dünya mədəniyyətlərində ölümə münasibət tamamilə fərqlidir. Məsələn, Xristian mədəniyyəti intiharı yolverilən addım hesab edirsə, İslam dini bunu qəti şəkildə yasaqlayır və böyük günah hesab edir. Xristian mədəniyyətinin dünyaya bəxş etdiyi "sürpriz"lərdən biri də süni ölüm, daha doğrusu, eftanaziyadır.
Hazırda dünya mətbuatında gen-bol müzakirə edilən bu fenomenə münasibət olduqca mürəkkəbdir. Eftanaziyaya münasibət Azərbaycanda da birmənalı deyil. Belə ki, ağır xəstələrin bu yolla ölməsinin lehinə və əleyhinə olan insanların sayı kifayət qədərdir.
Bəziləri bunu intihardan fərqlənmədiyini desə də, kəskin ağrılardan əziyyət çəkib, yaxınlarına və özünə əzab verməkdənsə ölməyi üstün tuturlar. Əslində eftanaziya nədir? Tibbdə və dində və ən əsası qanunla hansı hallarda eftanaziyaya icazə verilir.
Eftanaziya
Eftanaziya ağır, sağalmaz vəziyyətdə olan xəstələrin öz istəyi ilə həyatlarına son qoyulmasıdır. Bu termin "asan ölüm" kimi ilk dəfə XVI əsrdə elmə gətirilib.
Eftanaziya dedikdə, ilk olaraq ağla erməni Cek Qevorkyan gəlir. Belə ki, ABŞ-da "ölüm həkimi" ləqəbini qazanmış bu erməni eftanaziya yolu ilə 130 adamı "o dünyalıq" edib. C. Qevorkyan bulvar qəzetlərinin birində belə bir elan verib: "Əgər ağrısız ölmək istəyirsinizsə, mən sizə yüngül ölüm hədiyyə edəcəyəm". O, 130 amerikalını bu yolla öldürüb. Təbii ki, ABŞ-ın həkim ictimaiyyəti C.Qevorkyanın əməllərindən xəbər tutduqdan sonra onu həkimlikdən məhrum da edib. Ən dəhşətlisi odur ki, müstəqil araşdırmaçılar erməni eftanaziya yolu ilə öldürdüyü insanların dörddə birinin heç də sağalmaz xəstəliklərdən əziyyət çəkmədiklərini müəyyənləşdiriblər. Belə çıxır ki, C.Qevorkyan xəstəliklərindən məyusluğa düçar olmuş insanların dərdinə əlac tapmaq əvəzinə onları sadəcə öldürüb. Uzun sürən məhkəmə prosesi C.Qevorkyanın 25 il azadlıqdan məhrum olunmasıyla yekunlaşıb.
Eftanaziya ilk dəfə 1984-cü ildə Niderlandda leqallaşdırılıb. Dünyadakı ilk belə xidmət göstərən klinika da məhz Hollandiyada açılıb. Eftanaziya dərnəyinin rəhbəri tibbi cəhətdən müalicəsi olmayan 18 yaşdan yuxarı xəstələrin müraciətlərini nəzərə alacaqlarını deyib: "İlk olaraq öz həkimi, xəstəxana, psixiatrı ilə görüşmələrdən sonra ölümü gerçəkləşdiririk".
Avropada Belçika, Hollandiya, Lüksemburq və İsveçrədə eftanaziya haqqında qanun qəbul edilib.
Azərbaycanda isə tibb işçilərinə ölümün tezləşdirilməsi haqqında (eftanaziya-red.) pasiyentin özünün, onun qohumlarının və ya maraqlarını təmsil edən şəxslərin xahişini yetirmək qadağan olunacaq. Bu "Pasiyentin hüquqları haqqında" qanun layihəsində öz əksini tapıb.
Milli Məclisin deputatı, sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı şəxsən eftanaziyanın əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, qanun layihəsi hazırlanıb və parlamentin müzakirəsinə buraxılacaq: "Ən ağır vəziyyətdə belə insanın iynə, dərmanla öldürülməsinin əleyhinəyəm, bunu mən edə bilmərəm. Mən əfv komissiyasının üzvüyəm, biz ölüm hökmünü ləğv etdik. Bəzən elə cinayətkarlar olur ki, onların törətdikləri əməllərlə tanış olarkən insanın ürəyi partlayır, insanlıqdan utanırsan, dəhşətə gəlirsən ki, insan bunu nece edə bilər. O anda insan elə duyğular keçirir ki... Belə insanları ən ağır işgəncə ilə öldürmək lazım gəldiyini düşünürsən. Ancaq yenə də düşünürsən ki, onu Allah yaradıb, canını da O alacaq".
Din "asan ölüm"ə
nə deyir?
Ölkəmizdə bu yolla ölməyə qarşı çıxanların sayı daha çoxdur. Eftanaziyaya qarşı çıxanlar fikirlərini Azərbaycanın müsəlman ölkəsi olması və İslam dininə görə, insanın Allah tərəfindən yaradıldığı üçün canını yalnız onu verən Allahın ala biləcəyini əsas gətirirlər. İlahiyyatçı İsmayıl Əhmədov tibbin inkişaf etdiyi dövrdə insanın sağalmaz xəstələrin əziyyət çəkməsinin qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edilə biləcəyini deyir. "Ağrıkəsicilər, narkozlar, keyidici vasitələr var. Onlardan istifadə edib xəstənin kəskin ağrılarının qarşısını almaq, onları azaltmaq olar. Dövlət vətəndaşının qeydinə qalaraq, onu bu addımı atmağa qoymamalıdır".
Lakin dində bununla bağlı nadir hallarda istisna hal da var. Məsələn, əgər hər hansı xüsusi vəziyyət yaranarsa, yəni ağır sağalmaz xəstənin xəstəliyinin başqalarına yoluxdurmaq riski varsa istisna kimi bu addımı atmaq olar: "Amma eftanaziyanın kütləvi hal almasına qətiyyən yol vermək olmaz. Bu zamanda məsuliyyət onun yaxınlarının üzərinə düşür".
İntihar etmək haram olduğu kimi bir şəxsin özünün öldürülməsini tələb etməsi və belə bir tələbi yerinə yetirmək də haramdır. İlahiyyatçının sözlərinə görə, eftanaziyaya hər necə don geyindirilsə belə bu intihar sayılır. İsmayıl Əhmədov belə bir insanı öldürənlərlə sağlam bir insanı öldürən arasında fərq qoymur: "Xəstəlik, çətinlik və acı hadisələr insanların sınanması, imtahanıdır. Quranda da "Allah səbr edənlərlədir", - deyilir (Bəqərə, 2/153).
Tibb elmləri doktoru Adil Qeybullada eftanaziyanın Azərbayacanda həyata keçirilməsi ehtimalına aydınlıq gətirib. Onun sözlərinə görə, "ölüm haqqı" müzakirəyə açıq məsələdir. "Düzdür Avropanın bir neçə ölkəsində bununla bağlı müsbət qərarlar qəbul olunub. Amma hesab edirəm ki, Azərbayacanda bu məsələ ilə bağlı xeyli götür qoy olmalıdır. Eftanaziyanın yalnız və yalnız peşəkarlığı yüksək səviyyədə olan, tam islahatlar keçirilmiş səhiyyədə tətbiq edilməsi daha məqsədəuyğundur".
Səhiyyə islahatları başa çatmamış, mülkiyyət formaları tam formalaşmamış, icbari sığorta sistemi axsayan ölkələrdə isə eftanaziyanın tədbiqi problemlər yarada bilər. Məhz buna görə də A.Qeybulla səhiyyə islahatları başa çatmadan eftanaziya məsələsinin Azərbaycanda müzakirəsini tez və yanlış hesab edir.
Tibb eksperti xaricdə xostislər - yəni xüsusi təyinatlı xəstəxanaların olduğunu, belə müəssisələrdə ağır, müalicəsi olmayan xəstələrin saxlandığını və onların ömrünün sonuna qədər orada qaldıqlarını bildirir. Belə xəstəxanalarda fəaliyyət göstərən yüksək peşəkarlığa malik tibbi personal var. Onlar xəstələrə lazım olan ağrıkəsicilər, dərmanlar verir, tədbirlər görürlər ki, həyatlarının qalan hissəsinin keyfiyyətini nisbətən yaxşılaşdırsınlar.
Bir neçə il sonra gündəmə gəlsə belə, tibb eksperti bu məsələnin referenduma çıxarılmasının tərəfdarıdır. Bu tək bir nazirliyin və ya idarənin qərarı ola bilməz. Ekspert belə qərarın məsuliyyəti ilə hamının bölüşməli olduğunu düşünür.
Psixologiyamız
buna hazırdırmı?
Biz eftanaziyaya psixoloji cəhətdən də hazır deyilik. A.Qeybullada mənəvi, mentalitet, psixologiyadan irəli gələn məsələlər həllini tapmayana kimi adıçəkilən məsələnin tədbiqinin xeyli anormallıqlar yarada biləcəyini deyir. Bu həlli və tətbiqi elə də asan olan məsələ deyil. "Eftanaziyanın həyata keçirilməsi üçün xeyli mexanizm və sistemlər lazımdır", deyə elmlər doktoru qeyd edib.
Bizim psixoloji cəhətdən eftanaziyaya hazır olmadığımızla Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev də razılaşır. Psixoloq əslində eftanaziyanın normal proses olduğunu hesab edir: "Biri var ki, insan özünü öldürür, biri var ki, kimsə onun istəyi ilə onun öz həyatına son qoyur. Mən düşünürəm ki, eftanaziya azərbaycanlıların psixologiyasına ziddir və yaxın 50 il ərzində onu reallaşdırmaq mümkün olmayacaq".
Psixoloq tamamilə əmindir ki, Azərbaycanda eftanaziyaya rəsmi icazə verilməsi belə klinikalar yaradılsa da, heç bir azərbaycanlı ora müraciət etməyəcək: "Kimsə eftanaziya olmaq istəsə belə buna onun yaxınları imkan verməyəcək. Biz müşahidə etmişik ki, bəzən yaxınları can üstündə olan xəstənin üstünə həkim gətirirlər ki, onun ömrünü heç olmasa bir neçə saat uzatsınlar. Biz azərbaycanlılar öz yaxınlarımızdan ayrılmaq istəmirik".
"Heç bir halda fərdlə
Allahın arasındakı
haqq-hesaba müdaxilə
etmək düzgün deyil"
Tanınmış hüquqşünas Qurban Məmmədovun sölərinə görə, "Evtanaziya hüquqi baxımdan təsbit edilsə də, bu bir anomaliyadır, çünki insana ömür Allah tərəfindən bəxş edilir və onu geri almaq da yalnız Allaha məxsus səlahiyyətdir. Ümumiyyətlə, heç bir halda fərdlə Allahın arasındakı haqq-hesaba müdaxilə etmək düzgün deyil və bu, böyük qəbahətdir. Çünki Allahla bəndənin əhdindən ancaq Yaradanın və insanın ruhunun xəbəri olur və bu əhd şüur səviyyəsində qavrana bilmir. Buna görə də hesab edirəm ki, eftanaziyaya əl atmaq Kainatın işinə müdaxilə etmək deməkdir. Bir sözlə, hüquq normaları insanı öldürməyə imkan vermir və eftanaziya, sadəcə, cinayətdir".
Sözardı
Göründüyü kimi, süni ölümə, yəni eftanaziyaya münasibətdə ekspertlərin də yanaşması və dəyərləndirməsi müxtəlifdir. Fikrimizcə, bu müxtəliflik, birinci növbədə fərdi dünyagörüşdən və insanın genlərində kodlaşmış ruhsal bilginin təbiətindən qaynaqlanır.
Amma bu da var ki, istər xristian, istərsə də İslam dini fərdin şəxsi seçimdə özgür olduğunu xüsusi vurğulayır.
Ölümü necə, özümüz seçə bilərikmi?
Kəmalə
Natiq
Digər Xəbərlər
2024-12-27 12:40:21
2024-12-27 12:40:12
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35