"Abşeron dairəsini - yəni, Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu” və nəhayət, Bakını birləşdirən yol ilin axırınadək tamamlanır."
Unikal.org xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda bildirib.
Prezident İlham ƏLİYEV: İlin axırına tamamlanır, çox yaxşı.
Cavid QURBANOV: İndi Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Hesab edirik ki, dairə tamamlananda təqribən 25-30 min sərnişin daşımaq imkanımız olacaq.
Prezident İlham ƏLİYEV: Bu, daha rahat nəqliyyat növüdür. Eyni zamanda, vətəndaşlar daha da qısa müddət ərzində mənzil başına, iş başına çata biləcəklər. Çünki indi avtomobil yollarında kifayət qədər tıxaclar var. Düzdür, bir çox yollar salınıb, yeni körpülər, yeni yol qovşaqları tikilib, amma yenə də pik saatlarda tıxaclar var. Ona görə bu yol həm insanlara rahatlıq verəcək, həm də avtomobil yolunun yükünü azaldacaq. Ona görə ilin sonuna qədər nəzərdə tutulan bütün layihələr başa çatmalıdır və gələn il də bu işlər davam etdiriləcək.
Bakı-Sumqayıt dəmir yolunun fəaliyyəti, onun əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, bu yol ilə nə qədər sərnişin daşınır?
Cavid QURBANOV: Artıq bu yol ilə hər gün 12 min sərnişin daşınır.
Prezident İlham ƏLİYEV: 12 min?
Cavid QURBANOV: Bəli,12 min. Amma bu, açılandan sonra həm bu tərəfdən Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb.
Prezident İlham ƏLİYEV: Bəli, mən getmişəm o yolu, çox rahatdır.
Cavid QURBANOV: Sürəti də 140-a artırmaq istəyirik.
Prezident İlham ƏLİYEV: Müasir “Stadler” vaqonları da alınıb, onlar da işləyir.
Cavid QURBANOV: Bəli, hamısı işləyir.