Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektində yerləşən parkda 10 tutuquşu buraxılıb.

Unikal.org xəbər verir ki, IDEA-nın “Urban Ecology” (“Şəhər ekologiyası”) layihəsi çərçivəsində parkda məskunlaşdırılmış yaxalıqlı tutuquşu (lat. Psittacula krameri) Bakı şəhərinin iqlim şəraitində yaşaya və çoxala bilən tutuquşu növüdür.

“Urban Ecology” layihəsi Bakı və onun ətrafındakı ictimai yerlərin şəhər mühitində rahat yaşayıb çoxala bilən heyvan və quş növləri ilə zənginləşdirilməsini, eləcə də bu növlərin qorunub saxlanması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Məlum olduğu kimi, vəhşi təbiətin qorunub saxlanması üzrə çoxşaxəli səylərlə yanaşı, Leyla Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan növlərin mühafizəsi istiqamətində də geniş tədbirlər həyata keçirilir. Bu xüsusda, Bakıda küçə heyvanlarının qorunmasına yönəlmiş IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir, şəhərboyu pişiklər üçün xüsusi evciklər qurulur və digər işlər aparılır.

Bütün bu səylərin əsas məqsədi şəhərdə yaşayan insanlarla ətraf mühit arasında ahəngliyin yaradılması, daha sıx və daha sağlam əlaqənin möhkəmləndirilməsidir.

Qeyd edək ki, keçmişdə Bakı şəhəri mühitində çoxsaylı sincab və tutuquşular məskunlaşıblar. Onlar parklarda və yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıblar. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalıb. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.