Bu gün Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 10 nömrəli tam otra məktəbdə İ.Məmmədov küçəsi 7, 10 və B.Nuriyev küçəsi 30 ünvanlarında yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Unikal.org xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbulda İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Qəbulda sakinlər binaların istiliklə təmini, küçə işıqlarının bərpası, liftlərin yenilənməsi, həyətlərin abadlaşdırılması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Rayon rəhbəri tərəfindən vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.