Təhsil eksperti Kamran Əsədov Bakı Dövlət Universitetinin yataqxanasında 2 tələbə qızın zəhərlənməsi, 1 tələbənin isə vəfat etməsini böyük itki, bədbəxt hadisə hesab edib.
Unikal.org-un məlumatına görə, hadisə barədə ekspert K.Əsədov danışıb.
“Mənə verilən məlumata görə, hadisə dünən gecə saatlarında, 20 noyabrda baş verib. Həmin vaxt təcili tibbi yardım gəlib, tələbələrə ilkin tibbi yardım göstərilib, onlar müayinə olunub, iynə vurulub. Onda tələbələrin vəziyyəti normala qayıdıb, özlərinin razılığından sonra təcili tibbi yardım oranı tərk edib. Onlar özləri xəstəxanaya getməkdən imtina ediblər. Amma görünən odur ki, səhər saatlarında tələbələrimizin səhhətində yenidən problem baş verib. Vəfat edən tələbəmizə Allahdan rəhmət diləyirəm. Bu bizim üçün böyük itkidir. Gördüyüm qədər məsələ tam şəkildə universitet rəhbərliyinin nəzarətindədir. Hətta BDU-nun rektoru Elçin Babayev 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib tələbələrin müalicəsi ilə yaxından tanış olub. Əziz tələbələr, qidalanmanıza diqqət yetirin. Sağlamlığınızdan önəmli heç nə ola bilməz. Konservləşdirilmiş məhsul, süd və süd məhsulları alarkən mütləq istifadə tarixinə və saxlanma şəraitinə diqqət yetirin”.