Misirin Şarm-əl-Şeyx şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransı davam edir.
Unikal.org xəbər verir ki, tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də nazirliyin Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil edirlər.
Konfrans zamanı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 193 üzv dövlətinin nümayəndələri radiorabitə sahəsi üzrə yeni texnologiyalar, o cümlədən 2020-ci ildən geniş tətbiqi nəzərdə tutulan “5G” texnologiyasına radiotezliklərin və yüksək hündürlükdə platforma stansiyaları üçün yeni tezlik diapazonlarının ayrılması, peyk tətbiqi üçün yeni və təkmilləşdirilən texnologiyaların istifadəsini dəstəkləyən tənzimləmə tədbirləri kimi bir sıra məsələləri müzakirə edib. Həmçinin müxtəlif sahələrdə tətbiq olunacaq innovativ radiotexnologiyalar üçün radiotezliklərin müəyyənləşdirilməsi və onların tətbiqi zamanı qarşılıqlı maneə təsirlərinin yaranmaması üçün ölkələr arasında koordinasiya şərtlərinin müəyyən edilməsi və digər aidiyyəti məsələlərə dair fikir mübadiləsi aparılıb. Konfrans zamanı gələcək texnoloji transformasiya perspektivləri də müzakirə olunub.
Sonda işçi qrupları tərəfindən hazırlanmış sənədlər komitələrdə təsdiqlənərək plenar iclaslara təqdim olunub. Bu, gələcəkdə yeni radiorabitə sistemlərində tətbiq ediləcək radiotezliklərin qlobal harmonizasiyasına şərait yaradıb.
Ümumdünya Radiorabitə Konfransı həftə sonu öz işini bitirəcək.
Qeyd edək ki, Ümumdünya Radiorabitə Konfransı 4 ildən bir keçirilən yüksək səviyyəli tədbirdir. Zərurət yarandığı hallarda BTİ-nin radiorabitə qaydalarına, radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsini tənzimləyən beynəlxalq müqaviləyə yenidən baxılması onun səlahiyyətlərinə daxildir.
Xatırladaq ki, Azərbaycan qurumun fəaliyyətində yaxından iştirak edir. Belə ki, ilk dəfə olaraq Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsinin namizədliyi Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Bürosunun Tədqiqat qruplarında rəhbər vəzifələrə təsdiq edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Telekommunikasiya və poçt şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev Radiotezliklərdən İstifadənin İdarə Edilməsi üzrə 1-ci Tədqiqat Qrupuna, “Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov Peyk Xidmətləri üzrə 4-cü Tədqiqat Qrupuna, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəisi Rahid Ələkbərli isə Yerüstü Xidmətlər üzrə 5-ci Tədqiqat Qrupuna sədr müavini vəzifələrinə seçilib.