Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, SABAH qrupları və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: payız 2018” layihəsi çərçivəsində V SABAH Tələbə Debat Forumu keçirilib.

Unikal.org xəbər verir ki, tələbə Debat Forumunun əsas məqsədi “SABAH” tələbələrinin müxtəlif debat mövzuları üzrə biliklərinin artırılmasına, natiqlik, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafına, tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyinin təmin olunmasına, onlarda intellektual oyunlara və ünsiyyətin genişlənməsinə marağın yaradılmasıdır.

“Ekoloji problemlərdə innovativ metodlar” mövzusuna həsr olunan SABAH V Tələbə Debat Forumunda ölkənin 5 ali təhsil müəssisəsinin təmsil olunduğu 22 komanda yarışıb. Final mərhələsinə debat raundlarından uğurla keçən UNEC-in iki komandası - “Tanrının övladları” və “Alpha” komandaları vəsiqə qazanıb.

Finalda “Ekoloji problemlərin yaranmasının əvvəlcədən qarşısının alınmasında və mövcud problemlərin aradan qaldırılmasında innovativ metodlar tətbiq olunmalıdır” mövzusu ətrafında debat təşkil olunub. Maraqlı  keçən debat yarışında “Tanrının övladları” komandası qalib olub.

Qalib komandaya kubok təqdim edilib.

Qeyd edək ki, UNEC SABAH qruplarının komandası artıq 4-cü ildir ki, ardıcıl olaraq SABAH Tələbə Debat Forumunun qalibidir.