20-22 noyabr tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 70-ci iclası keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi ndən Unikal.org-a verilən məlumata görə, Tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirin gündəliyinə əsasən iclasda “Əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında Saziş”in 3-cü maddəsinin həyata keçirilməsi ilə bağlı məlumat mübadiləsinin formaları, həcmi və müddəti, həmçinin “Ali təhsilin tədris proqramları və əlavə peşə təhsili proqramları üzrə MDB üzv dövlətlərin gömrük xidmətləri üçün kadrların hazırlanması barədə Saziş” layihəsinin müzakirəsi aparılıb.
Eyni zamanda, iclasda MDB üzv dövlətlərin gömrük kadrlarının hazırlığı üzrə baza təşkilatının fəaliyyəti və “MDB üzv dövlətlərin gömrük orqanları tərəfindən nəqliyyat (daşıma) sənədlərinə gömrük orqanlarının möhür və ştamplarının qoyulması qaydaları haqqında Saziş” layihəsinə dair məsələlər müzakirə edilib və saziş imzalanıb.
İclas zamanı MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 2020-ci il üçün İş Planının layihəsi, adıçəkilən Şuranın sədrinin seçilməsi və Katibinin təyin olunması, həmçinin MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2020-ci il üçün İş Planının və adıçəkilən Komitənin sədrinin təsdiq edilməsi ilə bağlı məsələlərə baxılıb.
Tədbirdə Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemin 6-cı nəşrinin rus dilindəki variantına, həmçinin MDB-nin xarici iqtisadi fəaliyyətinin vahid mal nomenklaturasına və onun əsasında qeyd olunan sənədlərin şərhlərinə dəyişikliklərin və düzəlişlərin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, iclasda “Dəmiryolu nəqliyyatı ilə daşınan mallara gömrük əməliyyatları (gömrük rəsmiləşdirilməsi) və gömrük nəzarəti keçirilən zaman MDB üzv dövlətlərin gömrük orqanları və dəmiryolu daşıyıcılarının qarşılıqlı fəaliyyətinə dair nümunəvi texnologiya” layihəsi, MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının döş nişanları ilə təltif edilmə və MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 71-ci, o cümlədən ekspertlərin növbəti iclaslarının keçirilmə tarixi və yerinə dair məsələlər müzakirə olunub.
Xatırladaq ki, iclas çərçivəsində “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsi arasında dövlət sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Protokol”un 5-ci maddəsinə müvafiq olaraq “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı informasiya fəaliyyətinin texniki şərtləri” barədə sənəd imzalanıb.