Azərbaycan Dillər Universitetində (ADU) Türk Araşdırmaları Mərkəzinin açılış və Yüksek Öğretim Kurulu (YÖK) sədri professor Dr. Yekta Saraçın ADU-nun Fəxri doktoru adı ilə təltifolunma mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla professor Yekta Saraçın türkoloji aləmdə, elm quruculuğunda adı olan və bu işlərə öz həyatını, daxili enerjisini vermiş insan kimi nəinki Türkiyədə, həmçinin Azərbaycanda və bu ölkənin sərhədlərindən xeyli kənarda ciddi alim kimi tanındığını bildirib. ADU-nun fəxri doktorları siyahısına belə alim və mötəbər insanın daxil edilməsinə ürəkdən sevindiyini bildirən Kamal Abdulla Y.Saraçın ADU-nun tələbə, müəllim, gənc tədqiqatçılarını daim diqqətə mərkəzində saxlayacağına, universitetin Türkiyə universitetləri ilə əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə inandığını deyib. Rektor Kamal Abdulla universitetdə fəaliyyət göstərən 20-dən çox ölkənin dil və mədəniyyət mərkəzlərindən söz açaraq yeni mərkəzin – Türk araşdırmaları mərkəzinin açıldığını qeyd edib. Rektor mərkəzin fəaliyyətinin hər iki dövlətin, hər iki millətin övladlarını bir-birinə daha da yaxınlaşdırmasını arzu edib.

Türk araşdırmaları mərkəzinin müdiri Aynur Beşkonak, ADU-nun rektorunun Sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev universitetdə baş verən əlamətdar hadisələrlə bağlı xoş sözlərini ifadə ediblər.